BAKI, 1 iyul. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər paytaxtın Dənizkənarı Milli Park ərazisində yerləşən Yaxt-klubda, Xaçmaz rayonunun İstisu qəsəbəsində, Mingəçevir su anbarının Mingəçevir şəhəri ərazisinə düşən sahil hissəsində, Lənkəran rayonunun Sütəmurdov kəndində və Neftçala rayonunun Şirvanlı kəndində təşkil edilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.