BAKI, 25 may. TELEQRAF

"6 aylıq heyvanların kəsilməsi və istifadəsi yolverilməzdir, vətəndaşlara belə heyvanları kəsməməyi tövsiyə edirik".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı münasibəti ilə AQTA-da keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin heyvanların ətinin keyfiyyəti 12 aylıq heyvanların ətinin keyfiyyətindən nəzərəçarpacaq dərəcədə fərqlənir.

"Bəzən insanlar qurban kəsmək adı ilə 6 aydan kiçik heyvanları da kəsirlər. Amma bunu etmək olmaz", - o vurğulayıb.

Q.Əbdüləliyev qeyd edib ki, qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.

75 ünvanda kəsim və satış, 27 ünvanda yanlız satış, 32 ünvanda isə yanlız kəsim həyata keçiriləcək.