BAKI, 20 may. TELEQRAF

Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi və Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən media ilə görüş çərçivəsində İstanbulda dünyanın ikinci ən dərin istehsal müəssisəsi olan İstanbul Kapalı Dikey Tarım Uygulama Mərkəzini ziyarət etdik.

Mərkəz yerin 30 metr dərinliyində kənd təsərrüfatı fəaliyyəti ilə məşğuldur.

Layihə ilə bağlı Teleqraf-a danışan İstanbul Kapalı Dikey Tarım Uyğulama Mərkəzinin layihə koordinatoru, aqrar sahə üzrə yüksək mühəndis Hakan Aşan bildirib ki, mərkəzdə 2022-ci ildən etibarən təxminən torpaqsız kənd təsərrüfatı üsulu ilə 120 müxtəlif bitki növü üzərində elmi-tədqiqat və inkişaf işləri aparırlar:

"2022-ci ildən etibarən iki istiqamətdə fəaliyyət göstəririk. Dünya əhalisinin 2050-ci ildə təxminən 10 milyarda çatacağı gözlənilir. Bu əhalinin üçdə ikisinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Artan əhalinin qidalanmasını təmin etmək üçün mövcud istehsal sistemlərini inkişaf etdirmək lazımdır. İqlim dəyişikliyi, temperaturun yüksəlişi, quraqlıq, su qıtlığı və ekstremal hava şəraiti kənd təsərrüfatı istehsalına təzyiqi artırır. Bu səbəbdən iqlimdən asılı olmayan qida istehsal sistemlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Dünyadakı suyun təxminən 2,5-3 faizi içməli şirin sudur. Onun da təxminən 70 faizindən kənd təsərrüfatı istehsalında istifadə edirik. Buna görə kənd təsərrüfatında istifadə olunan suyun səmərəli şəkildə idarə olunması çox vacibdir. Bu sistem üfüqi deyil, şaquli şəkildə, nəzarət olunan iqlim şəraitində həyata keçirilən innovativ istehsal modelidir.

Hidroponik sistemlərdə bitki suyun içində saxlanılır və bu şəkildə qidalandırılır. Aeroponik sistemlərdə isə bitki köklərinə püskürtmə üsulu ilə qida verilir. Beləliklə, bitki kökləri həm oksigeni, həm də suda həll olunmuş qida elementlərini qəbul edə bilir.

Biz bitki istehsalı həyata keçiririk. Günəş işığı olmadan, bitkilərin fotosintez üçün ehtiyac duyduğu enerjini LED bitki yetişdirmə lampaları vasitəsilə təmin edirik. Normalda günəş işığının spektri çox genişdir. Ancaq bitkilər üçün bu spektrin hamısı lazım deyil. Xüsusilə yaşıl yarpaqlı bitkilərdə mavi və qırmızı işıq spektrindən istifadə edirik. Xüsusi bitkilər yetişdirəcəyimiz zaman isə həmin bitkiyə uyğun işıq spektrini təmin edirik.

Açıq sahədə günəşin doğuşu ilə batışı arasındakı müddətlə məhdudlaşırıq. Amma burada istədiyimiz müddətdə bitkiyə işıq enerjisi verə bilirik. Bu da məhsuldarlığı ciddi şəkildə artırmağa imkan yaradır.

İşıq, temperatur, rütubət, su və karbon qazı - bunlar bitkinin inkişafı üçün lazım olan əsas mühit parametrləridir. Bu parametrlərin hamısını avtomasiya sistemi vasitəsilə dəqiq şəkildə idarə edirik. Nəticədə daha qısa müddətdə məhsul yetişdirə, daha yüksək məhsuldarlıq əldə edə və ilin 12 ayı, 365 günü istehsal apara bilirik".

H.Aşan qeyd edib ki, bu məkan kənd təsərrüfatı sahəsi deyil. Amma biz şaquli əkin üsulu ilə şəhərin mərkəzində, marketlərə, restoranlara və istehlak nöqtələrinə çox yaxın məsafədə məhsul istehsal edib təzə şəkildə bazara təqdim etmək mümkündür: "Məhsulların uzaq məsafələrə daşınmasının qarşısı alınır, karbon izi azalır. Eyni zamanda tədarük zəncirində yaranan məhsul itkiləri də kiçilir. Normalda İstanbul üçün məhsullar Türkiyənin cənubundakı Antalya vilayətindən gətirilir. Təxminən 800-900 kilometrlik məsafədə daşınan məhsullarda 20-30 faiz itki olur. Amma siz istehsalı İstanbul kimi böyük şəhərlərə gətirdikdə həm logistika xərclərindən, həm də nəqliyyatdan qaynaqlanan itkilərdən xilas olursunuz. Bu sistemdə çox az su istifadə edərək istehsal həyata keçirə bilirik.

Ənənəvi kənd təsərrüfatında bir kiloqram məhsul üçün təxminən 250 litr su sərf olunur. Qapalı dövriyyə sistemlərində isə bu göstərici xeyli azalır. Yəni eyni miqdarda məhsulu 250 dəfə daha az su istifadə edərək yetişdirə bilirik. Bu da 99 faizdən çox suya qənaət deməkdir. Məhsul növünə görə dəyişsə də, 18 gündən etibarən məhsul yığmaq mümkündür. Beləliklə, yenə məhsuldan asılı olaraq torpaqdan 100-400 dəfə daha səmərəli istifadə etmiş oluruq.

Əgər enerji təmiz mənbələrdən əldə edilərsə, bu sistem ilboyu təmiz və təzə məhsul istehsalına töhfə verir. İçəridə həşərat, göbələk və bakteriya kimi amillər olmadığı üçün pestisid və kimyəvi dərmanlardan istifadəyə ehtiyac qalmır. Beləliklə, sağlam məhsul istehsal etmək mümkün olur. Məhsul yığımından sonra yaranan tullantıları kompost kimi dəyərləndiririk. Su və qida elementlərindən çox az istifadə etdiyimiz üçün ciddi qənaət əldə edirik. Eyni zamanda daşınmadan qaynaqlanan qida itkiləri və qablaşdırma sahəsində də böyük qənaət təmin olunur.

İstanbul Kapalı Dikey Tarım Uygulama Mərkəzini yaradarkən altı əsas məqsədimiz var idi. Bu sahəyə maraq göstərən və investisiya etmək istəyən bütün tərəflərə məlumat ötürmək və yol göstərmək, kənd təsərrüfatı texnologiyalarına və innovativ istehsal modellərinə diqqət çəkərək bu sahədə maarifləndirmə yaratmaq, su itkisini azaltmaq və eyni miqdarda məhsulu daha az su ilə istehsal edərək su ehtiyatlarından daha səmərəli istifadə etmək, sektora istiqamət verməkdir. Bu gün bir investor bu sahəyə yatırım etmək istədikdə müəssisəmizə gələrək məlumat ala və layihə ilə bağlı ödənişsiz məsləhət xidməti əldə edə bilir.

Beşinci məqsəd isə açıqlıqdır. Nazirliyimizin yazılı və vizual mediada tanınmasını artıracaq fəaliyyət həyata keçiririk. Altıncı məqsəd isə normativ-hüquqi bazanın formalaşdırılmasıdır. Bu yeni sistemdə açıq sahədən qapalı istehsal modelinə keçdiyimiz üçün hazırlanmalı olan qanunvericilik və qaydaların formalaşdırılmasına aidiyyəti qurum kimi töhfə vermişik. Hazırda “qapalı mühitdə bitki istehsalı qeydiyyat sistemi” adlı bir sistemimiz var. İstehsalçılar bu sistemdə qeydiyyatdan keçərək rəsmi şəkildə fəaliyyət göstərə və dövlət dəstəklərindən yararlana bilirlər".

Mühəndis vurğulayıb ki, hazırda məkanda bibər yetişdirilir: "Bibər şitillərini İstanbuldakı yerli fermerlərimizə paylayacağıq. Ümumilikdə 270 min ədəd şitil paylanacaq. Növbəti mərhələdə çiyələk istehsalına başlayacağıq. Çiyələk istehsalı ilə yanaşı, bütün yaşıl yarpaqlı bitkiləri də yetişdiririk. Eyni zamanda məhsullarımızın satışını da həyata keçiririk".

H. Aşan bildirib ki, Azərbaycanla iş birliyindən məmnun olarlar: "Azərbaycan bizim qardaş ölkəmizdir və əməkdaşlıq etməkdən məmnun olarıq. Əkinçilik texnologiyaları sahəsində hər cür dəstəyi göstərməkdən məmnunluq duyarıq".

Sonda isə "Türkiye Çevre Ajansı" tərəfindən gənclərin ekoloji maarifləndirilməsinə töhfə vermək məqsədilə təşkil olunan “Yaşıl Kampus Festivalı” çərçivəsində ekoloji təbliğat tırı ziyarət edilib.

Media tur Türkiyənin ən qədim tarixi abidələrindən biri olan Ayasofya məscidi və Sultan Əhməd məscidi ilə başa çatıb.

“Ətraf mühit və İqlim Media Turları” çərçivəsində COP31 Zirvəsinə qədər daha dörd media turunun keçirilməsi planlaşdırılır.