BAKI, 13 may. TELEQRAF

Bu gün Bakıda "2026-cı il Azərbacanda şəhərsalma və memarlıq ili" çərçivəsində "Qərbi Azərbaycanın tarixi abidələri: məktəblilərin gözü ilə" layihə müsabiqəsinə start verilib.

Teleqraf xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli layihə ilə bağlı təşkil edilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, layihə ilin sonunadək davam edəcək.

"Layihə Azərbaycanın 13 bölgəsində həyata keçiriləcək. Layihənin məqsədi məktəblilər və gənclər arasında Qərbi Azərbaycanın tarixi və mədəni irsi barədə maarifləndirməni gücləndirmək, regionun 68 əsas tarixi abidəsi haqqında bilikləri artırmaq, şagirdlərin yaradıcılıq, tədqiqat və təqdimat bacarıqlarını inkişaf etdirməkdir. Müsabiqə çərçivəsində tarixi-mədəni irsin qorunmasına dair ictimai şüurun artırılması, Qərbi Azərbaycanın zəngin irsinin ümumazərbaycan və ümumtürk mədəniyyətinin ayrılmaz hissəsi kimi təbliği, eləcə də məktəblilər arasında memarlıq, şəhərsalma, tarix və ekologiya sahələrinə marağın artırılması nəzərdə tutulur", - o vurğulayıb.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, layihənin rəhbəri Məlahət İbrahimqızı xalqın tarix boyu yaşadığı torpaqlarda böyük çətinliklərə və işgəncələrə məruz qalsa da, doğma yurd sevgisinin heç zaman unudulmadığını bildirib.

“Bu yaddaş xalqımızın genetik yaddaşında, qan yaddaşında yaşayaraq gələcək nəsillərə ötürülən müqəddəs bir mirasa çevrilib. Bizim tariximiz, əsrlər boyu formalaşan milli-mədəni irsimiz və ata-baba yurdlarımızla bağlı xatirələr bu gün də xalqımızın mənəvi dayağıdır. Qarşımızda duran əsas vəzifələrdən biri də bu zəngin irsi qorumaq, daha dərindən öyrənmək və gələcək nəsillərə çatdırmaqdır”, - o vurğulayıb.

Qeyd edək k, layihənin bölgələrdə keçiriləcək birinci mərhələsində QAİ-nın rayonlarda fəaliyyət göstərən nümayəndəlikləri də cəlb ediləcək. Müsabiqə eyni zamanda iştirakçılar arasında Qərbi Azərbaycanda yerləşən tarixi irs barədə məlumatlılığın artırılmasına, tarixi yaddaşın möhkəmləndirilməsinə, eyni zamanda gələcəkdə həmin abidələrin bərpası və təbliği istiqamətində yaradıcı və analitik düşüncə bacarıqlarının formalaşdırılmasına mühüm töhfə verəcək. Layihə iki mərhələdən ibarət olacaq. Hər iki turun qiymətləndirilməsi müvafiq ixtisaslı tanınmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən aparılacaq. Birinci turun nəticələri bölgələr üzrə qiymətləndirildikdən sonra seçilmiş uğurlu işlər ikinci tur final mərhələsinə təqdim ediləcək. Layihənin final mərhələsi 2026-cı ilin dekabrında nəzərdə tutulub. Bu mərhələdə geniş ictimaiyyətin iştirakı ilə qalib işlərin təqdimatı və mükafatlandırılması mərasimi keçiriləcək.