BAKI, 28 aprel. TELEQRAF

Aprel ayının 28-də görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək ehtiramlarını bildiriblər.

Dövlət Sərhəd Xidməti Aparatında davam edən tədbirdə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub.

Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, humanist şəxsiyyəti və zəngin elmi irsindən bəhs etmiş, onun oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərin bu gün də ölkəmizdə səhiyyə sahəsinin inkişafına böyük töhfə verdiyini vurğulayıblar.

Qeyd olunub ki, Zərifə Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, həm də insani keyfiyyətləri ilə daim yüksək hörmət qazanıb.

Çıxışlar zamanı Zərifə Əliyevanın parlaq xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağı, zəngin irsinin gələcək nəsillər üçün nümunə olduğu xüsusi qeyd edilib.

Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunub “Sönməyən işıq” sənədli filmi nümayiş etdirilib.