BAKI, 28 aprel. TELEQRAF

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Türkiyə Respublikasının birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir.

Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin açılış mərasimində iştirak edib. Bu tədbirin bacarıqlar sahəsində qlobal dialoq üçün güclü bir təməl yaradacağını düşündüyünü bildirən Türkiyənin dövlət başçısı Zirvə görüşünə uğurlar arzulayıb və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Müxtəlif ölkələrdən nazirlər və digər yüksək vəzifəli rəsmiləri, beynəlxalq təşkilatlardan, təhsil, əmək, iqtisadiyyat, innovasiya, miqrasiya və s. sahələrdən nümayəndələri bir araya gətirən Sammit insanların bacarıqlarının həyatın bütün mərhələlərində inkişaf etdirilməsi və onların potensialından tam istifadə olunması məsələlərinə dair müzakirə aparmaq məqsədi daşıyır. Tədbir demoqrafik dəyişikliklər, geniş rəqəmsallaşma və yaşıl iqtisadiyyata keçid dövründə daha da aktuallaşan bu məsələlərin həlli ilə bağlı təcrübələri bölüşmək üçün bir platforma rolu oynayır.

Sammitdə “Formal təhsilin yenidən nəzərdən keçirilməsi - Ömürboyu imkanlar üçün strategiyaların yenidən tənzimlənməsi”, “Yetkin şəxslərin bacarıqlarından istifadə – Müxtəlif nəsillər üzrə işçilərin imkanlarının gücləndirilməsi”, “İstedadların üzə çıxarılması – Diqqətdən kənarda qalan qrupların potensialından istifadə edilməsi” mövzularında sessiyalar keçirilir, təqdimatlar edilir.

Tədbir çərçivəsində Anar Əliyev Bolqarıstanın əmək və sosial siyasət naziri Hasan Ademovla görüşüb. Görüşdə ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərinin əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin davamlı inkişafına zəmin yaratdığı vurğulanıb.

İki qurum arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, əməkdaşlığın inkşaf etdirilməsi, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.

Anar Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə də görüşüb. TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ötən ilin dekabr ayında Bakıda keçirilən ilk iclasının əhəmiyyətindən bəhs olunub.

Görüşdə Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.