BAKI, 28 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə “Neftmaştəmir” ASC-də və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında rəhbər heyətin nümunəvi, Suraxanı rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin və Pirallahı rayonunda ərazi mülki müdafiə qüvvələrinin iştirakı ilə xəbərdarlıq və toplanış üzrə, Azərbaycan Rəssamlıq Akademiyasında isə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda obyekt mülki müdafiə məşqləri keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşqlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.