BAKI, 6 aprel. TELEQRAF
Bakı şəhərində və ətraf qəsəbələrdə intensiv yağışlar nəticəsində yaranmış su yığıntılarının kənarlaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir.
Teleqraf xəbər verir ki, hazırda paytaxtın bir neçə mühüm nöqtəsində Sukanal idarələrinin əməkdaşları və xüsusi texnikalar vasitəsilə suçəkmə işləri aparılır.
Abşeron rayonunun Digah kəndində, xüsusilə Bakıxanov küçəsində toplanan yağış suları Bağlar Sukanal İdarəsinin quraşdırdığı nasoslar vasitəsilə ərazidən kənarlaşdırılır. Analoji vəziyyət Sabunçu rayonunda da müşahidə olunur. Sabunçu dəmir yolu vağzalının qarşısına yığılmış su kütləsinin ərazidən çıxarılması operativ şəkildə təmin edilib.
Qaradağ rayonu ərazisində də işlər gücləndirilib. Ələt-Bakı yolunun Lökbatan dairəsi yaxınlığındakı sahələrdə və Lökbatan körpüsünün altında yaranmış gölməçələr nasoslar vasitəsilə təmizlənir.