BAKI, 6 aprel. TELEQRAF

Siyəzən rayonu Dağ Quşçu kəndinə və eləcə də digər 5 kəndə gedən Dağ Quşçu-Ərziküş avtomobil yolunu sel aparıb, gediş-gəliş tamamilə bağlanıb.

Bu barədə Teleqraf-a kənd sakinləri bildiriblər.

Onların sözlərinə görə, yol iki ildir ki, təmir olunmuşdu.

“Bu yolun bərpası üçün vəsait ayrıldı, təmir olundu. Amma belə qısa zamanda yolun dağılması ağlabatan deyil”, - sakinlər qeyd ediblər.

Dağ Quşçu kəndinin tərkibində olduğu Həmyə bələdiyyəsinin sədri Eyyam Əsgərov Teleqraf-a açıqlamasında bildirib ki, hazırda kənddə güclü sel müşahidə olunur.

"Davam edən sel səbəbindən hazırda yolla bağlı hər hansı tədbir görülə bilmir. Ötən il də bu yolu sel qəzalı vəziyyətə salmışdı. İndi yenə sel oldu və bir də zərər dəydi. Hazırda rayonla əlaqə kəsilib, heç yerə gediş-gəliş yoxdur. Yəqin sel dayandıqdan sonra alternativ yol çəkilər", - o vurğulayıb.

Sədr həmin yolun bələdiyyənin balansında olmadığını deyib:

"2 il öncə çəkilib. Asfalt yoldur. Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihəsi əsasında çəkilib".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə bildirilib ki, hazırda ərazi nəzarətdə saxlanılır.

"Siyəzən rayonu ərazisində yerləşən Dağ Quşçu-Ərziküş avtomobil yolunun təqribən 4.8-ci kilometrliyində yağan intensiv yağışlar nəticəsində yaranmış sel suları yolun bir hissəsini yuyaraq yararsız vəziyyətə salıb.

Hadisə baş verən kimi agentliyin əməkdaşları dərhal əraziyə cəlb olunub, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülüb, ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb.

Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir. Ərazi nəzarətdə saxlanılır.

AAYDA-dan o da bildirilib ki, alternativ olaraq sürücülər Siyəzən-Çarxana avtomobil yolundan istifadə edə bilərlər.