BAKI, 27 fevral. TELEQRAF

"Xocalı Soyqırımı Memorialı həm memarlıq, həm də ideya baxımından milli yaddaşın qorunmasına xidmət edir".

Teleqraf xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun əməkdaşı Sona Qəti jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xocalı Soyqırımı Memorialı 4 bölmədən ibarətdir:

“İlk iki bölmədə ekspozisiya zalları yerləşir. Ziyarətçiləri girişdə “Faciənin siması” adlı instalyasiya qarşılıyor. İnstalyasiyanın müəllifləri Rəşad Ələkbərov və Azər Rüstəmovdur.

Birinci ekspozisiya zalında Xocalının tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Xocalı soyqırımı ilə bağlı foto və videomateriallar əks olunub. Bundan başqa, burada Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi və bu qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin mühüm rolu vurğulanır. Birinci ekspozisiya zalında gənc rəssam Sərxan Hacıyevin hazırladığı “Bir gecənin içində səssiz qalan evlər” adlı video instalyasiya nümayiş olunur”.

S.Qəti əlavə edib ki, ikinci ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı Soyqırımı haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində gördüyü işlər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi layihələr və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası haqqında geniş məlumatlar təqdim olunur.

“İkinci ekspozisiya zalında xarici ölkələrdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ucaldılan heykəllərin 3D maketləri təqdim olunur. İkinci zalda eləcə də 44 günlük Vətən Müharibəsi, suverenliyin bərpası, Böyük Qayıdış və Xocalıda dirçəliş istiqamətində görülən işlərlə bağlı geniş məlumat verilib. Ekspozisiya zallarından əlavə, memorialda rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün akt zalı da mövcuddur”.