BAKI, 23 fevral. TELEQRAF
Peşə tanınması üzrə növbəti imtahan 17 mart saat 11:00-da Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
Bu barədə Teleqraf-a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər martın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.
Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.
Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.
Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərir. Belə ki, hər səhv cavaba görə ümumi baldan 0.25 bal çıxılacaq.
Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.