BAKI, 18 fevral. TELEQRAF
2026-cı il fevralın 17-də “Amnesty International” təşkilatı Azərbaycan məhkəməsinin erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama ilə çıxış edib.
Teleqraf xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Bildirilib ki, Qərbi Azərbaycan İcması müxtəlif vaxtlarda “Amnesty International” təşkilatına Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına kömək etməsi xahişi ilə müraciət edib.
"Lakin təşkilat olduqca mücərrəd cavab verərək ədaləti dəstəkləməkdən boyun qaçırıb.
17 fevral açıqlaması ilə “Amnesty International” bu mücərrəd cavabın səbəblərini bir daha göstərib. “Amnesty International” özünün kağız üstündə bəyan etdiyi nəcib dəyərlərə xəyanət edərək işğalçının, etnik təmizləmə, bir həftə sonra 34-cü ildönümü anılacaq Xocalı soyqırımını törədən canilərin yanında olduğunu, insan haqlarına, insan iztirablarına, humanitar fəlakətlərə yalnız siyasi prizmadan yanaşdığını nümayiş etdirib.
“Amnesty International” belə saxtakar mövqeyi ilə bu gün dünyada beynəlxalq təsisatlara etibarın kəskin şəkildə zədələnməsinə öz “töhfəsi”ni verməkdədir", - məlumatda qeyd olunub.