BAKI, 16 fevral. TELEQRAF

“Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər”.

Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Proqramı İdarə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.

Turan Topalova ötən il təcrübədə Dövlət Proqramında iştirakdan imtina halının olduğunu da vurğulayıb:

“Ötən il 33 nəfər xaricdə təhsil hüququ qazansa da, bundan imtina edib”.

Həmçinin qeyd olunub ki, Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, "Mədəniyyət və incəsənət" sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb:

"Beynəlxalq reytinq sistemlərində ilk 10-luqda yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Bu dəyişikliklərdən biri Univeristy College London – UCL-i əhatə edir. Ötən illərdə University College London üzrə göndərilən namizədlərin sayını nəzərə alaraq bu yanaşma 2026-2027-ci tədris ilində UCL üçün tətbiq olunmayacaq və yalnız siyahıda olan proqramlar üzrə müraciətlər qəbul olunacaq".