BAKI, 14 fevral. TELEQRAF

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası həkim mama-ginekoloq Sevinc Allahverdiyevanın tibb müəssisəsinin direktoru Ülfət Qurbanov tərəfindən qanunsuz olaraq Ginekologiya və Doğum şöbəsinin müdiri vəzifəsindən azad olunması barədə iddialara münasibət bildirib.

Xəstəxanadan Teleqraf-ın sorğusuna cavabda deyilir ki, Allahverdiyeva Sevinc Rəhman qızının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru barəsində səsləndirdiyi ittihamlar əsassızdır və həqiqəti əks etdirmir.

"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 22 noyabr 2025-ci il tarixində keçirilmiş Tibbi Şuranın iclasında Ginekologiya və Doğum şöbəsinin fəaliyyəti geniş müzakirə olunub, şöbə müdiri Sevinc Allahverdiyevanın xidməti fəaliyyəti ilə bağlı ciddi nöqsanlar müəyyən edilib. İclasın yekun qərarına əsasən, şöbədə sənədləşmənin natamam aparılması, tibbi sənədlərin çatışmazlığı, tibbi geyim qaydalarının pozulması, klinik protokollara uyğun olmayan qərarların verilməsi və daxili nəzarətin zəifliyi kimi ciddi nöqsanlar aşkar edilib. Qeyd edilən faktlar Tibbi Şuranın səs çoxluğu ilə qəbul edilmiş qərarında öz əksini tapıb və S.Allahverdiyevanın şöbə müdiri vəzifəsindən azad edilmənin zəruriliyi əsaslandırılıb. İddiaçı həmin qərarla razılaşmayıb və vəzifəsindən könüllü qaydada imtina etməyib.

Nəticə etibarilə, aşkar olunmuş nöqsanlar və əmək vəzifələrinin kobud şəkildə pozulması halları nəzərə alınaraq Allahverdiyeva Sevinc Rəhman qızı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq vəzifəsindən azad edilib", - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, qərar qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə və daxili normativ sənədlərə uyğun şəkildə qəbul olunub:

"Həmçinin bildiririk ki, müəssisə rəhbərliyi tərəfindən hər hansı qeyri-qanuni maddi tələb irəli sürülməsi ilə bağlı səsləndirilən iddialar tamamilə əsassızdır.

İddiaçı işdən azad olunması ilə bağlı narazılığı əsasında məhkəməyə müraciət etmişdir və hazırda məsələ məhkəmə icraatında araşdırılır".

Əmək Müfəttişliyinin Sevinc Allahverdiyevanın əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və vəzifəyə bərpa olunması barədə qərarına isə xəstəxana belə reaksiya verib:

"Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş qərar şərti xarakter daşıyır. Hazırda iddiaçı tərəfindən qaldırılmış iddia əsasında məsələ məhkəmə icraatındadır və mübahisəyə hüquqi qiymət verilməsi səlahiyyəti məhkəməyə aiddir.

Məhkəmə tərəfindən yekun hüquqi qərar qəbul edildikdən sonra nəticə barədə müvafiq qaydada Əmək Müfəttişliyinə rəsmi məlumat təqdim olunacaq".

***

13 fevral, 14:22

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsinin müdiri, həkim mama-ginekoloq Sevinc Allahverdiyeva tibb müəssisəsinin direktoru Ülfət Qurbanov tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.

S.Allahverdiyeva Teleqraf-a açıqlamasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə vəzifəsindən azad edilməsindən narazı olduğunu bildirib.

Onun sözlərinə görə, bu maddə işçinin əmək vəzifələrini kobud şəkildə pozması, işə davamlı gecikməsi, iş yerində nizam-intizamın pozulması və əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərin kobud şəkildə pozulması kimi halları nəzərdə tutur. Lakin S.Allahverdiyeva öz fəaliyyətində belə pozuntulara yol vermədiyini və işdən çıxarılmasının əsassız olduğunu deyib. O qeyd edib ki, bu maddə ilə işdən azad etmə ciddi hüquqi əsaslar və sübutlar tələb edir.

S.Allahverdiyeva məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, həmçinin TƏBİB-ə rəsmi müraciət edib.

“Əmək Müfəttişliyinə də müraciət etmişdik. Araşdırma aparılıb və Ülfət Qurbanovun məni qanunsuz olaraq işdən çıxardığı barədə akt yazılıb. İşə bərpa olunma ilə bağlı bildiriş verilib. Ancaq hələ də işə bərpa edilməmişəm.

Xəstəxana direktorunun məndən rüşvət tələb etməsi ilə bağlı əlimdəki sübutları TƏBİB-ə də göndərmişəm. Təəssüf ki, heç bir reaksiya yoxdur. Hər doğuşdan 20 manat, hər qeysəriyyə əməliyyatına görə isə 50 manat pul verməyimi istəyirdi. Mən də vermədim, dedi ki, pul vermirsənsə, səninlə belə işləməyəcəyəm. Qəti bildirdim ki, rüşvət verməyəcəyəm. Dedi ki, çıxmağıma 1 gün qaldığını bilsəm də, səni işdən çıxarmamış özüm işdən çıxmayacam. Xəstəxana hədə-qorxu ilə idarə olunur. Guya Həmkarlar İttifaqının qərarını əsas tutub. Həmkarlar İttifaqında da məsələ qaldırıldı, nə onlar, nə də Tibbi Şura Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üçün heç bir əsas tapmadı. Ülfət Qurbanov dedi ki, işdən çıxarıram, çünki belə istəyirəm”, - deyə bildirib.

Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, vətəndaş Allahverdiyeva Sevinc Rəhman qızının Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında əmək hüquqlarının pozulması ilə bağlı 27.11.2025-ci il tarixli müraciətinə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsində baxılıb.

Məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, onun əmək müqaviləsinə ötən ilin dekabrın 2-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən Məcəllənin 80-ci maddəsinin tələbləri (Həmkarlar İttifaqının qabaqcadan razılığı) pozulub, həmçinin Həmkarlar İttifaqı şurasının qərarı nəzərə alınmayıb.

“Buna görə xəstəxananın direktoru Ülfət Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib və 16.01.2026-cı il tarixli qərarla şərti inzibati cərimə tətbiq olunub. Hüquqpozmanın 30 gün müddətində aradan qaldırılması tələb edilib.

Xəstəxanaya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə vəzifəyə bərpa olunması barədə göstəriş məktubu göndərilib.

Qanunvericiliyə əsasən, hüquqpozma müəyyən edilmiş müddətdə aradan qaldırılarsa, cərimə ödənilmir. Əks halda cərimə ödənilməlidir və bu, hüquqpozmanın aradan qaldırılması öhdəliyini istisna etmir”, - məlumatda qeyd olunub.

TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılır.