BAKI, 11 fevral. TELEQRAF

Ötən əsrin birinci yarısında Türkiyədə məhəlli sənətkarlar arasında teatr təşkil edənlərdən biri də “Komik Naşit” ünvanı ilə tanınan Naşit Özcan olub.

Naşit bəy 1886-cı ildə İstanbulda Şahzadəbaşı bölgəsində doğulub. Atası miralay Əhməd bəydir.

Türkiyədə tuluat (peşəkar olmayan, məhəlli aktyor) ustası kimi tanınan Özcan “komik-i şehir” ünvanı ilə bilinib, Osmanlı dönəmində başlayan səhnə həyatı Cümhuriyyətin 40-cı illərinə qədər davam edib. İbtidai təhsilini Kuyucu Murad paşa məktəbində alıb. Daha sonra Bəyazid rüşdiyyəsini bitirən aktyor 1828-ci ildə italiyalı musiqişünas Donizetti paşanın yaratdığı Musika-i Hümayûn adlanan hərbi orkestrda təmsil olunub. Burada Kuklacı Halim bəy ilə skripkaçı Zəki bəydən dərs alıb.

Sənətlə ilk tanışlığı doğulduğu evin yaxınlığında yerləşən Abdi əfəndi teatrı ilə olub. Daha sonra Əbdürrəzzaq əfəndinin yanında davam edib.

1937-ci ildə tanınmış türk yazıçısı Suat Dərvişə müsahibə verən Naşit bəy musiqi həyatı ilə bağlı bəzi xatirələrini bölüşüb:

“Mən Şahzadəbaşılıyam. Orada doğuldum, orada böyüdüm. Yaşadığımız ev mərhum Abdi əfəndinin teatrının yanında idi, mayamızı oradan götürdük. Şahzadəbaşı bir zamanlar teatr mühiti idi. Manakyan, Fehim, Həsən... hamısı orada idi. Mən onları görə-görə yetişdim. İlk təhsilimi Şahzadəbaşındakı bir məktəbdə aldım. Sonra Bəyazid rüşdiyyəsində davam etdim. Rüşdiyyəni bitirdikdən sonra atama məni mabeyin musiqisinə qoyması üçün israr etdim. Həmin yer o zamanlar konservatura kimi idi. Təkcə musiqi deyil, teatr məktəbi də vardı. Bir italyan operettası vardı. Bir hoqqabaz Bertran vardı. Kiçik komediyalar və pantomim oynayardı. Əbdürrəzzaq da orada idi. Biz orada həm oynayardıq, həm də xüsusi təhsil alardıq. Məşrutiyyətin elanından iki il sonra bir düzənləmə edildi, teatr qismi ləğv olundu. Biz də çöldə fəaliyyət göstərməyə başladıq. Hürriyyətin ilk illərində teatra çox həvəs vardı. Mən “Həvəskaran Cəmiyyəti”lə ilk tamaşalara başladım. İlk oyunum “Hərəm ağası ud məşq edir” idi”.

Naşit bəy bu illərdə “Məşrutiyyəti-Osmaniyyə”də Rıdvan paşanın oğlu Rəşad bəyin “Səhneyi-həvəs”ində fəaliyyət göstərib. Kamal Eminlə birlikdə Ortaköy teatrında “Murad Orta” adlı pyesi səhnəyə qoyub: “Balkan müharibəsindən sonra öz firmamla meydana atıldım. Dörd film çəkdim. Film çəkmək daha çox xoşuma gəldi. “Bir millət oyanır”da əsgər rolunda oynadım. İstanbul küçələrində dilənçi rolunda idim. Sonra “Naşit dolandırıcı” və “Bir toy gecəsi” adlı iki komediya hazırladım. Səhnədə xalqla iç-içə olmaqdan zövq alıram, amma film daha rahatdır və xalq üzərində təsiri daha yaxşıdır”.

Naşit bəy teatr həyatında ən böyük problemin pyessizlik olduğunu bildirib: “Heç kim bizə gözəl mövzulu bir pyes gətirmir. Halbuki bizim pyesə ehtiyacımız var... Yəni bizə mövzu və tip lazımdır”.

Gülməyən tək tamaşaçı

Naşit Özcan müsahibəsində 33 illik səhnə həyatında cəmi bir tamaşaçını güldürə bilmədiyini ifadə edib:

“Bundan bir neçə il əvvəldi. Sarışın, mavi gözlü bir zat müntəzəm şəkildə teatra gəlir, ilk sıradakı yerlərdən birində otururdu. Mavi gözlərini bizə dikir və ən gülməli pyeslərimizi dodağında ən kiçik bir təbəssüm olmadan seyr edirdi. Bu hal neçə gecə belə davam etdi. Doğrusunu desəm, məni fəna şəkildə hirsləndirirdi. “Bu adamın halı nədir?”, “bizə lağ edir?”, “kefinimi pozuruq?” deyə düşünürdüm. Nəhayət, bir gün küçədə onunla rastlaşdım. Tez yanına getdim və dedim: “Üzr istəyirəm, yoldaş. Hər axşam bizə gəlirsiniz. Nə üçün gülmürsünüz?”. Belə cavab verdi: “Naşit bəy, küsməyin, sizi çox təqdir edirəm. Fəqət mən gülə bilmərəm”. Səbəbini soruşdum, “mən xəstəyəm” dedi. Adama gülmək olmazmış, xəstə imiş. Bundan sonra yenə bu şəxs teatra gəldi, yenə qarşımızda oturdu. Mən inadla onu güldürməyə çalışdım. Fəqət təəssüf ki, güldürə bilmədim, güldürə bilmədim, güldürə bilmədim. Sənət həyatımda ən çox buna yandım”.

Suat Dərviş müsahibəsini bu cümlələrlə bitirib: “Otuz üç il İstanbulu sənət qüdrətilə ağzıdolusu güldürən bu sənətkar təkcə bir istanbullunu güldürə bilmədiyinə yanıb-yaxılırdı. Mən isə otuz üç il İstanbula nəşə vermiş bu sənətkara İstanbulun hələ də bir yubiley keçirməməsinə yanıram”.

Naşit bəy əvvəlcə Ləman adlı bir qadınla evlənib, daha sonra erməni əsilli kantocu Amelya ilə ailə həyatı qurub. İkinci evliliyindən doğulan iki övladı türk teatr tarixinə adlarını yaza biliblər: Adilə Naşit və Səlim Naşid Özcan. Bir çox filmdə də yer alan Adilə xanım məşhur “Hababam sinifi” filmi ilə geniş kütləyə tanışdır. Nəvəsi Nəcib Naşit Özcan da da aktyor olub, “Kurtlar Vadisi Pusu” serialında da oynayıb.

Naşit bəy Vəli rolunda

1919-cu ildə Tiflis Türk Teatr Truppasının İstanbula qastrol səfərində Üzeyir Hacıbəylinin əsərlərinə geniş yer verməsi onun opera və operettalarının Türkiyədə məşhurlaşmasına səbəb olub. Nəticədə İstanbulda Azərbaycan əsilli heyətlərlə yanaşı yerli teatr truppaları da bu əsərlərə böyük diqqət göstərib. Xüsusən də, “Arşın mal alan” və “Məşhədi İbad” əsərləri rəğbət görüb.

“Vakit” qəzetinin 1 may 1929-cu il tarixli sayındakı xəbərə görə Şahzadəbaşındakı “Millət” teatrında Naşit bəyin rejissorluğunda “Arşın mal alan” oynanılıb. “Akşam” qəzetinin 28 mart 1930-cu il tarixli sayındakı elanda Naşit bəyin 29 martda İstanbulun Beyoğlu bölgəsindəki “Mulen Ruj” salonunda “Arşın mal alan”ı səhnəyə qoyacağı bildirilib.

“Cümhuriyyət” qəzetinin 12 mart 1931-ci il tarixli sayındakı xəbərə görə İstanbuldakı “Ferah” səhnəsində qafqazlı sənətkarlar türk və Qafqaz şivəsində “Arşın mal alan”ı tamaşaya qoyublar. Vəli rolunu Naşit bəy oynayıb.

“Akşam” qəzetinin xəbərinə görə 14 may 1936-cı ildə Şahzadəbaşındakı “Turan” teatrında “Arşın mal alan” yenidən səhnələşdirilib, baş rolları Naşit bəy və Xalidə xanım ifa ediblər.

“Ulus” qəzetinin xəbərinə görə isə 22 may 1937-ci ildə Naşit bəy əsəri yenidən səhnəyə qoyub, Vəli rolunu özü oynayıb. 23 noyabr 1937-ci ildə Naşit bəy “Turan” teatrında “Arşın mal alan”ı bir daha səhnələşdirib.

Göründüyü kimi Osmanlıdan Cümhuriyyətə 40 illik səhnə həyatı boyunca Naşit bəy Üzeyir Hacıbəylinin əsərlərinə də diqqət göstərib, həm rejissor, həm də aktyor kimi təmsil olunub. Düşünürük ki, Üzeyir Hacıbəyli ilə bağlı ensiklopediyaya onun da adı salınmalıdır.

Naşit Özcan 26 aprel 1943-cü ildə İstanbulda vəfat edib.