BAKI, 9 fevral. TELEQRAF
Əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış, bir neçə il əvvəl təqaüdə çıxmış prokuror Namiq Həsənov “Lombard №1”i məhkəməyə verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, buna Namiq Həsənovun ötən il intihar edən oğlu 1986-cı il təvəllüdlü Nizami Həsənovun sözügedən lombarddan qızıl-zinyət əşyaları qarşılığında götürdüyü 68 000 manata görə hesablanan 27 min manatlıq faiz ödənişi səbəb olub.
Namiq Həsənov iddia ərizəsini onunla əsaslandırıb ki, mərhum oğlu 2023-2025-ci il tarixlərdə müxtəlif qiymətlərdə olan qızıl-zinyət əşyaları qoymaqla “Lombard №1”dən ümumilikdə 68.000 manat pul vəsaiti əldə edib. Lakin bir müddət sonra onlar lombardla bağlı borc məbləğini qarşı tərəflə aydınlaşdırdıqda ona 10 mart 2025-ci il tarixdən sonrakı dövrə 9000 manat dəbbə pulu hesablandığı və ümumiyyətlə, lombard tərəfindən verilən məbləğin faiz borcunun isə 18.000 manat təşkil etdiyi bildirilib.
Namiq Həsənov iddiasında bildirib ki, qızıllarını başqa şəxsə satılmasından çəkindiyi üçün məcburiyyət qarşısında qalıb sözügedən 27.000 manat əlavə məbləği ödəməklə qızıl-zinyət əşyalarını geri qaytarıb.
Sabiq prokuror bildirib ki, götürülən borc pula münasibətdə lombard tərəfindən faizlərin hesablanma mexanizmi qeyd edilməyib.
Buna görə də, Namiq Həsənov cavabdehin ondan tələb etdiyi faiz və dəbbə borcu qanunsuz hesab edilməsini, artıq ödədiyi 27.000 manat pul məbləğininin geri qaytarılmasnı məhkəmədən xahiş edib.
Əvvəlki, məhkəmə iclaslarında iştirak etmiş “Lombard №1”in rəhbəri bildirib ki, Nizami Həsənov ona məxsus lombarddan qızıl girov qoyaraq 68550 manat
kredit götürüb, arabir ödəmələr edib, lakin əsas borcu tam ödəməyib. O bildirib ki, faizi özü müəyyən edib, müqavilədə göstərilməyib. Faiz isə 1000 manat əsas borca görə 40 manat təşkil edib. Ümumilikdə əsas borcla faiz borcu birlikdə 95000 manat təşkil edib və həmin məbləğ Namiq Həsənov tərəfindən 2025-ci ilin may ayında ödənilərək qızıl-zinyət əşyaları girovdan çıxarılıb.
İş materiallarına əlavə edilmiş ekspert rəylərindən bəlli olub ki, girov biletlərində verilmiş pul vəsaiti üzrə faiz dərəcəsi qeyd olunmayıb.
Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlib ki, iddia qismən təmin edilməlidir. Qərara əsəsən, “Lombard №1” 26 450 manat məbləği Namiq Həsənova ödəməlidir.
Qeyd edək ki, Namiq Həsənovun oğlu ötən ilin martın 5-də Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşadığı evdə özünü asıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma başladılıb.