BAKI, 31 yanvar. TELEQRAF

"Bakı və Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə imtahanlar ilk dəfə olaraq elektron formada təşkil edilib. Ötən il 4 və 6-cı siniflər üzrə keçirilən monitorinqlər zamanı təxminən 10 minə yaxın şagird elektron formada imtahana cəlb edilmişdi. Cari ildə keçiriləcək monitorinqlərdə elektron formada imtahana cəlb edilən şagirdlərin sayının daha da artırılması istiqamətində təhlillər aparılır".

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli bu gün keçirilən imtahanları şərh edərkən deyib.

O bildirib ki, elektron imtahan infrastrukturunun genişləndirilməsi və iştirakçılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

"2026-cı ilə qədər: imtahan mərkəzlərinin sayının 59-a (2022-ci ildə 15), eyni anda imtahanda iştirak edənlərin sayının 12 min nəfərə (2022-ci ildə 5 min), imtahanların təşkil olunduğu şəhərlərin sayının 26-ya (2022-ci ildə 10) çatdırılması hədəflənir.
İmtahanların elektron təşkili qiymətləndirmədə şəffaflığı və obyektivliyi artırır, insan amilindən asılılığı minimuma endirir. Prosesin rəqəmsal şəkildə izlənməsi nəzarəti gücləndirir və daha ədalətli və etibarlı imtahan mühiti yaradır. Bu istiqamətdə fəaliyyətlərimiz genişləndirilərək davam edəcək", - o qeyd edib.

***

10:21

Bu gün eksternlər üçün aralıq imtahanları keçirilir.

Teleqraf xəbər verir ki, əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.

Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən bu gün saat 11:00-da təşkil olunacaq.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.