BAKI, 2 fevral. TELEQRAF

Bu gün Azərbaycanda Gənclər Günüdür.

Teleqraf xatırladır ki, hər il fevralın 2-i ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilir.

Bu gün 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla təsis edilib.

Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən Azərbaycanda Gənclər günü qeyd olunandan sonra, digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir.

Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur.

Hazırda ölkə əhalisinin 2.3 milyon nəfərini və 22.5 faizini gənclər təşkil edir.

Gənclərin 52.9 faizi şəhər yerlərində, 47.1 faizi isə kənd yerlərində yaşayır.

Qeyd edək ki, 2007-ci ildə gənclik yaşı 35-dən 29-a endirilib. Belə ki, Milli Məclis gənclik yaşının 35-dən 29-a endirilməsi ilə əlaqədar “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edib.