BAKI, 24 yanvar. TELEQRAF

Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə akyor İlham Əsədov məlumat yayıb.

Qeyd edək ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb.

2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.