BAKI, 19 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Qarabağ"ın Bakıda "Ayntraxt" klubu ilə keçiriləcəyi oyun günü - yanvarın 21-i üçün hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqraf-a bildirib ki, həmin gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən arabir yağıntılı olacağı gözlənilir.
Onun sözlərinə görə, 20-dən 21-nə keçən gecə və səhər yağıntının bəzi yerlərdə sulu qara, Abşeron yarımadasının nisbətən yüksək ərazilərində isə qara keçəcəyi ehtimal olunur.
"Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək, havanın temperaturu gecə 0-2, gündüz 3-6 dərəcə isti təşkil edəcək", - o, əlavə edib.
Qeyd edək ki, matç Bakı vaxtilə saat 21:45-də başlayacaq.