BAKI, 15 yanvar. TELEQRAF
Ötən gün Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.
Bu barədə Teleqraf-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.
“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.
Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.
Baş nazir Məhəmməd Şahbaz Şərif “ASAN xidmət” modelinin Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. O, “ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirib və bu modelin Pakistanda geniş şəkildə tətbiq olunacağını vurğulayıb.