BAKI, 31 dekabr. TELEQRAF
"Euronews" telekanalının Bakı şəhəri ilə bağlı hazırladığı reportajda paytaxtımızda ictimai təhlükəsizliyin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirildiyi qeyd olunub.
Teleqraf xəbər verir ki, reportajda müasir texnologiyalar, polis və ictimaiyyətin əməkdaşlığının uzlaşdırılması nəticəsində cinayət göstəricilərinin aşağı səviyyədə olduğu vurğulanıb.
Məlumata görə, rəsmi qurumlar paytaxtda cinayətlərin aşkar olunma faizinin yüksək olmasını təhlükəsizlik sahəsində müasir texnologiyalardan istifadənin getdikcə artması ilə izah edirlər. Reportajda ictimai asayişin qorunmasında vətəndaşların rolu qabardılıb.
Eyni zamanda bildirilib ki, ağıllı nəqliyyat nəzarətindən tutmuş genişləndirilmiş nəzarətə qədər gecə-gündüz təhlükəsizlik tədbirləri görülür.
Daxili İşlər Nazirliyinin əməkdaşı Sərvinaz Ramazanova deyib ki, hər 100 min nəfərə düşən cinayətlərin sayı bir çox ölkə paytaxtları ilə müqayisədə xeyli aşağıdır. Cinayətlərin üstünün açılma nisbətinə gəlincə, 85-90 faiz təşkil etdiyi vurğulanıb.
Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançinin sözlərinə görə, uşaqlığından bəri Bakıya səyahət edir: "Bu gözəl ölkənin nə qədər təhlükəsiz olduğunun fərqindəyəm".
Ziyarətçilər və paytaxt sakinləri görülən tədbirlərin Bakının təhlükəsiz, açıq və qonaqpərvər paytaxt kimi beynəlxalq imicinin möhkəmlənməsinə xidmət etdiyini söyləyirlər.