BAKI, 30 dekabr. TELEQRAF
Süni intellektin sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Avtomatlaşdırma və ağıllı sistemlərin geniş tətbiqi bir tərəfdən məhsuldarlığı artırsa da, digər tərəfdən bəzi peşələrin sıradan çıxması və iş yerlərinin azalması ilə bağlı narahatlıqları gücləndirir. Bu prosesin insanların gündəlik həyatına və məşğulluq imkanlarına təsiri getdikcə daha çox müzakirə mövzusuna çevrilir.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Fərid Kazımov bildirib ki, dünya qlobal iqtisadiyyat tarixinin ən mühüm mərhələlərindən birinə daxil olur:
“Bu mərhələnin əsas xüsusiyyətlərindən biri süni intellektin həyatın bütün sahələrinə sürətli və dərin nüfuzudur. Mütəxəssislər bu prosesi XVIII–XIX əsrlərdə baş vermiş sənaye inqilabı ilə müqayisə edirlər. Həmin dövrdə insan əməyi avadanlıqlarla əvəzlənmiş, bu isə əmək bazarında köklü dəyişikliklərə səbəb olmuşdu. O zaman da iş yerlərinin itirilməsi ilə bağlı ciddi narahatlıqlar yarandı, İngiltərədə “luddistlər” adlı qruplar fabriklərə hücum edərək texniki avadanlıqları məhv etmişdilər”.
Ekspert qeyd edib ki, bu gün buna bənzər bir mərhələyə gəlib çatmışıq: “Süni intellekt yeni texnoloji inqilabın əsasını qoyur və bir çox sahədə insan əməyinin əvəz olunacağına dair suallar yaradır. Texnologiyanın inkişafı qaçılmazdır və bu proses artıq başlayıb”.
Fərid Kazımov bildirib ki, növbəti 10 il ərzində süni intellektin qlobal əmək bazarına təsiri son dərəcə güclü olacaq: “Təsirin miqyası hələ tam müəyyənləşməsə də, mövcud trendlər bir çox peşə və vəzifənin ciddi transformasiyaya məruz qalacağını göstərir”.
Ekspertin sözlərinə görə, hazırda süni intellektdən həm köməkçi alət kimi istifadə olunur, həm də bəzi sahələrdə insan əməyini əvəz etməyə başlayıb:
“Məsələn, jurnalistlər müsahibələrin mətnə köçürülməsi, redaktə, məlumatların təhlili və sənədlərin hazırlanması kimi proseslərdə artıq süni intellekt platformalarından geniş istifadə edirlər. Mövcud süni intellekt sistemləri hələ intellektual qərarvermə səviyyəsində olmasa da, neyron şəbəkələr əsasında çalışan texnologiyalar çoxsaylı funksiyaları yerinə yetirə bilir. Gələcəkdə, xüsusilə 2030-cu illərdən sonra ümumi süni intellektin tətbiqi gözlənilir”.
Fərid Kazımov süni intellektin işsizliyə təsiri və yeni iş yerlərinin yaradılması məsələsinə də münasibət bildirib: “Süni intellekt insanların işini daha sürətli və effektiv görməsinə, rutin proseslərdən azad olmasına imkan yaradır. Eyni zamanda, bu texnologiya bir sıra sahələrdə əvəzləyici funksiyanı da yerinə yetirməyə başlayıb”.
Ekspert bildirib ki, artıq Azərbaycanda bəzi sorğu mərkəzlərində süni intellekt tətbiq olunur:
“Əvvəllər 15–20 əməkdaşın çalışdığı bu mərkəzlər indi 24/7 rejimində fasiləsiz xidmət göstərən süni intellekt sistemləri ilə əvəzlənib. Bu xüsusilə banklar və dövlət qurumları üçün əhəmiyyətlidir, çünki xidmətlər artıq iş saatları ilə məhdudlaşmır”.
Fərid Kazımov qeyd edib ki,əvəzləyici funksiyaların artması bir sıra peşələrin sıradan çıxmasına səbəb olacaq:
“Bu problemin həlli üçün qlobal miqyasda iki əsas yanaşma müzakirə olunur: birinci insanların daha yüksək ixtisas tələb edən sahələrə yönəldilməsi, digəri isə dövlət tərəfindən baza gəliri mexanizmlərinin tətbiqinin olmasıdır. ABŞ-də aparılan bəzi pilot layihələrdə vətəndaşlara aylıq 200–500 dollar məbləğində baza gəliri verilib”.
İctimai Şura üzvü süni intellektin insanların daha yaradıcı və intellektual sahələrə yönəlməsini zəruri etidiyini vurğulayıb:
“Kassirlik və sadə əməliyyatlara əsaslanan peşələr tədricən aradan qalxır. Qərb ölkələrində artıq kassirsiz mağazalar geniş yayılıb. Azərbaycanda hələ də klassik və ənənəvi yanaşmalar üstünlük təşkil edir. Valideynlər övladlarının gələcəyini planlaşdırarkən yalnız bu günü deyil, gələcək əmək bazarını da nəzərə almalıdırlar. "Qartner" kimi beynəlxalq agentliklərin hazırladığı texnoloji trendlər və peşə proqnozları bu baxımdan mühüm əhəmiyyət daşıyır. Hansı peşələrin sıradan çıxdığı, hansılarının potensiallı olduğu bu cür analizlər əsasında müəyyənləşdirilməlidir”.
Ekspert Azərbaycanda süni intellektin təsirinin bütün sahələrdə hiss olunacağına da aydınlıq gətirib:
“Ölkədə Rəqəmsal İqtisadiyyat Strategiyası qəbul edilib və 2030-cu ilə qədər süni intellektin iqtisadiyyata təxminən 70 milyon manatlıq təsiri nəzərdə tutulur. Bu proses dövlət idarəçiliyi, bank, səhiyyə, təhsil və özəl sektorun müxtəlif sahələrində ciddi dəyişikliklər yaradacaq".
2026-cı ildə gözlənilən yeniliklərə toxunan ekspert bildirib ki, mövcud süni intellekt proqramlarının daha təkmil versiyaları təqdim olunacaq: "Eyni zamanda süni intellekt əsaslı agentliklərin formalaşması, jurnalistika, təhsil və səhiyyə sahələrində geniş yayılması gözlənilir. Süni intellektin təxminən 2030-cu ilə qədər dünya ümumi daxili məhsuluna təsiri 15 trilyona çatacağı gözlənilir.
Fərid Kazımov sonda süni intellektin insanların düşünmə və analiz qabiliyyətinə də təsir göstərdiyini bildirib:
“İnsanların araşdırma və hesablamaları süni intellektə həvalə etməsi uzunmüddətli perspektivdə düşüncə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Qısa video formatlarının yayılması da diqqət müddətinin azalmasına və səthi düşüncənin formalaşmasına gətirib çıxarır”.
Bununla belə, ekspert qeyd edib ki, süni intellekt biliklərə çıxışı xeyli asanlaşdırıb:
“Əvvəllər illər tələb edən biliklərə indi süni intellektin köməyi ilə qısa zamanda çatmaq mümkündür. Geniş məlumat əldə edərək müəyyən mövzularda mütəxəsis kimi çıxış edə bilirlər. Lakin əldə olunan məlumatların dərin mənimsənilməsi və düzgün tətbiqi hələ də insanın şəxsi məsuliyyəti olaraq qalır”.