BAKI, 29 dekabr. TELEQRAF

Əvvəlki illərdə Yeni il ərəfəsində metro çıxışlarında bayram aksessuarlarının, ləvazimatlarının satıldığı yarmarkalara tez-tez rast gəlmək mümkün idi.

Bakı Şəhər İcra Hakimiyyətindən Teleqraf-a verilən məlumata görə, artıq 3-cü ildir ki, belə yarmarkalar təşkil edilmir.

Hazırda sadəcə "Kənddən Şəhərə" Yeni il yarmarkaları fəaliyyət göstərir və alıcılara kənd təsərrüfatı məhsulları təklif edilir.

Maraqlıdır, bayram ərəfəsində fermerlərin öz təsərrüfatlarında yetişdirdiyi məhsullar yarmarkalarda neçəyə satılır? Bayram süfrəsi üçün alacağımız məhsulların həm keyfiyyəti, həm də qiyməti alıcıları qane edirmi?

Teleqraf-ın əməkdaşları "Azadlıq" metro stansiyasının yaxınlığında fəaliyyətə başlayan yarmarkaya yollanıb.

Məkana çatanda gördüyümüz mənzərə bizi çaşdırdı. Geniş arealı əhatə edəcəyini düşündüyümüz yarmarka az qala dörd satıcı və onların təqdim etdiyi məhsullarla kifayətlənmişdi.

Piştaxtalarda çeşid çox az idi: meyvə, meyvə quruları, çərəzlər, həmçinin tərəvəz, bal, kənd toyuğu, ördək, hinduşka və ...

Yarmarkanın kiçik, məhsulun isə az olmasına baxmayaraq alıcıların diqqətini çəkir. Metro stansiyanın yaxınlığından ötüb keçən insanlar yarmarkaya yaxınlaşır, məhsullarla tanış olur, bəziləri isə razılıq edib, məhsullardan alıb gedirlər.

Alıcılardan birinə yaxınlaşırıq.

Fəridə Əlizadə deyir ki, belə yarmarkaların təşkil edilməsi yaxşıdır.

Onun sözlərinə görə, burada məhsullar marketlərdən ucuz olur:

“Mən marketlərdən daha çox belə yarmarkaları bəyənirəm. Yarmarkadan və qiymətlərdən razıyam. Burada insanları da yaxşı qarşılayırlar”.

Çərəzlərin, meyvə qurularının olduğu piştaxtanın önündə dayanan satıcı ilə söhbətləşirik.

Adının çəkilməsini istəməyən satıcı deyir ki, riyaziyyat müəllimidir, amma təsərrüfat işləri ilə də məşğul olur.

O, satdığı məhsulların Balakəndən gətirildiyini və daha münasib qiymətə olduğunu deyir:

“Buradakı məhsullar marketlərdən daha ucuzdur. Mən belə bayramlarda Bakıya gəlib satışla məşğul oluram. Adətən “Elmlər”, “Gənclik”, “Əhmədli” metro stansiyalarının ərazisində olmuşam, ilk dəfədir ki, “Azadlıq” metro stansiyasının yaxınlığında satış edirəm. Satış pis deyil. Hava imkan versə, yaxşı olur. Ayın 30-na kimi burdayıq”.

Naringi və üzümlərin olduğu piştaxtaya yaxınlaşırıq. Bu dəfə həmsöhbət olduğumuz satıcı Amil Süleymanovdur.

O deyir ki, naringilər Astaradan, üzümlər isə Tovuzdan gətirilib.

“İlk dəfədir burada satıram. Satış yaxşıdır, alıcılar var".

Piştaxtanın yaxınlığında meyvələrə baxan alıcılardan biri deyir ki, burada satılan məhsullar digər yerlərdən ucuzdur, qiymətlər normaldır.

Bal, doşab, kərə yağı, hinduşka kimi məhsulların olduğu piştaxtanın önündə dayanan satıcı Rəsul Rzayev deyir ki, məhsullar Gədəbəyin Slavyan kəndindən gətirilib.

Onun sözlərinə görə, qiymətlər münasib olduğundan bayram endirimi edilmir.

“Gədəbəydə təsərrüfat işləri ilə məşğulam. Yarmarkalar keçiriləndə və bizi dəvət edəndə gətirib burada satış edirik. 3-4 ildir ki, bayram ərəfələrində gəlib burada satış edirəm. Satış yaxşı olur”, - o əlavə edir.

Digər bir alıcı da yarmarkadan razılığını bildirir:

“Qiymətlər bəzi yerlərə baxanda normaldır, sərfəlidir. Bayram vaxtı olsa da, qiymətlər eynidir”.

Hinduşka, ördək və qaz satışı ilə məşğul olan satıcı Coşqun İmanov isə deyir ki, bu məhsullar Saatlıdan gətirilib.

O da qiymətlərin münasib olduğunu və ötən illə müqayisədə isə eyni olduğunu deyir.

Satıcının sözlərinə görə isə, bu il alıcılar ötən illə müqayisədə azdır:

“Buna görə də bu il satış da zəifdir. Amma ümumiyyətlə, burada satmaq bizə sərf edir. Satış normal vaxtlardan daha yaxşı olur. Artıq 2-ci ildir ki, bayrama görə Bakıya gəlib burada satırıq. Digər vaxtlar Saatlıda satırıq”.

Üzüm satışı edən satıcı Anar Kərimov isə deyir ki, üzüm Qazaxdan gətirilib və qiymətlər standartdır. Onun sözlərinə görə, bu il bayram ərəfəsində alıcılar əvvəlki bayramlara nisbətən azdır.

"Qazaxda üzümçülüklə məşğulam. İlk dəfədir ki, yarmarkada satış edirəm. Səhər 08:00-dan axşam 20:00-a qədər burada satış edirik. Ayın 30-a qədər davam edəcəyik".

Yarmarkada olan məhsulların 1 kq-nın qiymətləri ilə tanış olaq:

Fərə hinduşka - 18 AZN (1 kq)

Erkək hinduşka - 20 AZN

Ördək - 14 / 15 AZN

Qaz - 15 AZN

Cökə balı - 30 AZN

Çiçək balı - 25 AZN

Doşab - 14 AZN

Kərə yağı - 17 AZN

Göyərti 10 dəstə - 1 AZN

Üzüm kq ilə - 1. 50 AZN

Naringi - 1 AZN

Gavalı qurusu - 9 /10 AZN

Kişmiş - 11 / 13 AZN

Mövüz - 10 AZN

Yer fındığı- 5 / 7 AZN

Badam - 16 AZN

Xurma - 5 / 6 / 8 AZN

Balqabaq - 12 AZN

FOTO: Elnur Muxtar