BAKI, 24 dekabr. TELEQRAF
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində tibbi xidmət almaq üçün müraciət edilən 10 aylıq körpə ilə bağlı daxil olan şikayət əsasında məsələ Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib, hadisənin bütün tərəfləri dinlənilib və araşdırma aparılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, araşdırmanın nəticəsinə əsasən müəyyən edilib ki, Təcili tibbi yardım şöbəsinin həkimi Xəlilova Məqbulə Hilal qızı tərəfindən vətəndaşa ilkin mərhələdə düzgün yanaşma nümayiş etdirilməyib, həkim–pasiyent münasibətlərinə və etik davranış qaydalarına zidd hallara yol verilib.
Bu səbəbdən Tibbi Şuranın qərarı ilə həkim Xəlilova Məqbulə Hilal qızına töhmət verilib.
Xəstəxana rəhbərliyi olaraq baş verən hadisə ilə bağlı vətəndaşın yaşadığı narahatlığı anlayır, gələcəkdə bu cür halların qarşısının alınması üçün nəzarət və daxili intizam mexanizmlərinin daha da gücləndiriləcəyini bildiririk.
Qeyd edək ki, Mingəçevir şəhərində 34 dərəcə aşağı hərarətlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə gətirilən 10 aylıq körpəyə ilkin müdaxilə olunmayıb.
Almaniyadan gələn Bənövşə xanım Məqbulə Xəlilova adlı həkimin 10 aylıq qızının Azərbaycan vətəndaşı olmadığını əsas gətirərək onu qəbul etmədiyini söyləyib. O, daha sonra özəl xəstəxanaya müraciət edib, amma təkrar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gəlməyə məcbur olub. Xanım iddia edir ki, övladı ölümlə üz-üzə olduğu üçün həkimin ünvanına xoşagəlməz sözlər səsləndirib. Həkim isə pul qarşılığında tibb bacılarına aparatla müayinə üçün göstəriş verib, heç kimin onu işdən çıxara bilməyəcəyini bildirib.
Məsələni jurnalist Qənirə Ataşova ictimailəşdirib.