BAKI, 5 dekabr. TELEQRAF
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüş keçirib.
Bu barədə Teleqraf-a ANAMA-dan məlumat verilib
Görüşdə, Vüqar Süleymanov Çinin ölkəmizdə minatəmizləmə fəaliyyətinə maliyyə töhfəsinə görə qarşı tərəfə təşəkkür edib və bu addımı humanitar həmrəyliyin göstəricisi olduğunu qeyd edib. Bununla yanaşı, səfirə ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət barədə ətraflı məlumat verilib.
Səfir minatəmizləmə sahəsinin ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın önəmli hissəsi olduğunu və Çinin Azərbaycanın minatəmizləmə səylərini dəstəklədiyini bildirib. Həmçinin, o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri zamanı imzalanmış sənədlərdən birinin humanitar minatəmizləmə sahəsində əməkdaşlığı əhatə etdiyini və hazırkı ianənin həmin memorandum çərçivəsində edildiyini vurğulayıb.
Tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələləri, o cümlədən təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparıb.
Sonda tərəflər köçürülmüş ianə ilə bağlı müvafiq sənəd mübadiləsi edib.