QƏBƏLƏ, 25 aprel. TELEQRAF

“Komanda 13 aprel tarixindən hazırlığa başlayıb, sabah son gündür. Təlim-məşq toplanışı zamanı 2 futbolçumuz zədələndi, əvəzinə yeni oyunçular dəvət olundu".

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə təlim-məşq toplanışı zamanı jurnalistlərə açıqlamasında deyib.

O, təlim-məşq toplanışının gələcək hazırlıq üçün faydalı olacağını vurğulayıb:

"Gələn toplanış da mayın sonlarından iyununun əvvəlinə qədər Qəbələdə olacaq. İlk toplanışımız futbolçuları tanımaq xarakterli təşkil olunmuşdu. İkincidə yoldaşlıq oyunları da planlaşdırılır".

Hacıyev dünya çempionatına hazırlıqların davam etdiyini bildirib:

"Elxan Məmmədovla müəyyən əlaqələr var. Amma hazırda onun vəzifəsi fərqlidir. Hazırda sırf dünya çempionatının keçirilməsi ilə FİFA məşğuldur. FİFA birbaşa prosedurlara rəhbərlik edir, həm də özbəkistanlı həmkarlarla da əlaqədəyik.

Hazırda onu deyə bilərik ki, DÇ-2027-ci il sentyabr-oktyabr aylarında baş tutacaq. Yaxın vaxtlarda püşkatma keçiriləcək".

AFFA rəsmisi Əvəzedicilər Liqasının ləğvi barədə də danışıb:

"Komanda hazırda bir ayda iki həftə toplanış keçirir. Burada sual yarana bilər ki, komandadakı bəzi futbolçular əvəzedicilərdə çıxış edir. Biz PFL-lə danışıq apardıqdan sonra çempionat təxirə salındı. Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Ləğv edilməsə də format dəyişikliyi olacaq".