BAKI, 28 noyabr. TELEQRAF

Noyabrın 28-də Qəbələdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatında bildirilib.

Məmnunluqla qeyd olunub ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilir.

Görüş zamanı tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.

Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.

Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər.