BAKI, 27 noyabr. TELEQRAF
1952-ci ildən etibarən Ankarada işıq üzü görən “Azərbaycan” dərgisinin səhifələrində ömrünü mühacirətdə keçirmiş onlarla insan haqqında nekroloqlar verilib.
Həmin şəxslərin bir çoxu haqqında indiyədək hazırladığımız kitab və məqalələrimizdə məlumat vermişik. İndi isə jurnalın səhifələrində unudulmuş bəzi mühacirlərin həyat hekayələrini təqdim edəcəyik:
İki cümhuriyyətin zabiti
Türkiyədə Aksoy soyadını alan Saleh Sultanzadə köhnə təqvimlə 1313-cü ildə (miladi 1897) Naxçıvanda doğulub. Atası Məhəmmədcəfər əfəndi, anası Səlimə xanımdı. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsindən sonra Gəncədə açılan təlimgahda hərbi dərslər alan Saleh bəy buradan məzun olub. Azərbaycan milli ordusunun formalaşmasından sonra Cümhuriyyətin işğalına qədər zabit kimi xidmət edib. Rusiyanın ölkəmizi istilasından sonra bir sıra Azərbaycan zabiti kimi o da Cənubi Azərbaycandan keçərək Türkiyə ordusu sıralarına qatılıb. Anadoludakı İstiqlal Mücadiləsinə qoşulan Saleh bəy Birinci Azərbaycan Süvari Alayının topçu batareyasında xidmət göstərib. Kazım Qarabəkir paşanın komandanlığında Qars-Gümrü hərəkatlarında iştirak edib.
Türkiyəyə gəldikdən sonra 1928-ci ildə İstanbul Hərbiyyəsinə daxil olan Sultanzadə təhsilini tamamlayıb, 1929-cu ildə Topçu məktəbindən məzun olub. 1933-cü ildə yüzbaşı, 1940-cı ildə minbaşı, 1946-da yarbay və 1950-ci ildə albay rütbəsinə yüksəlib. 1955-ci ildə təqaüdə çıxıb.
Saleh Sultanzadə 1935-ci ildə müəllim Zəkiyyə Aksoy xanımla ailə həyatı qurub, bu evlilikdən Ayla adında qızı, Atilla və Aydın adında oğlanları olub
Saleh bəy 3 iyul 1956-cı ildə vəfat edib, Cəbəci Əsri məzarlığında dəfn olunub.
Rəsulzadənin yaxın dostu
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin yaxın dostlarından olan Xalid Tanrıqulu Azərbaycanda doğulmasa, ata yurdunu görməsə də, kökləri Şamaxıya bağlı idi. Onun atası Birinci Dünya müharibəsi dövründə Şamaxıda çar məmuru ilə arasında baş verən münaqişəyə görə Vətənini tərk edərək Türkiyəyə gəlib. İstanbula yerləşən atası Sultan Əbdülhəmidin sarayında bir müddət yanacaq təchizatı işləri müdiri kimi çalışıb.
“Azərbaycan” dərgisi Xalid bəyin xarakteri haqqında maraqlı bilgilər verib:
“Azərbaycanlı bir atadan və istanbullu bir anadan doğulmuş Xalid bəy öz məmləkətini heç bir zaman görməyib. Fəqət buna rəğmən Xalid bəyin əsil qəlbi daima məmləkət eşqi və həsrətiylə sızıldayıb. Atasının Şamaxı civarındakı Bico adlı bir kənddə doğulduğunu söyləyər, bu kiçik kəndə dair atasından eşitdiyi bir çox xatirələri davamlı danışardı. Hətta bu kəndə dair əldə etdiyi bəzi rəsmləri də ən qiymətli bir xatirə olaraq evində mühafizə edərdi. Onunla görüşən hər dost və tanışa atasından və həccə getmək üçün məmləkətdən gələrək evlərində qonaq qalan həmşərilərindən eşitdiyi xatirə və hekayələri dərin bir zövqlə anlatardı. Əsl diqqətçəkən cəhəti o idi ki, Azərbaycanı görməsə də Xalid bəy Azərbaycan türk ləhcəsinə, adət və ənənəsinə dərindən vaqifdi. Uzun illər boyunca İstanbulda müəllimliklə məşğul olan Xalid bəy tələbə və müəllim mühitində özünə qarşı dərin bir sevgi və hörmət hissi yaratmış, vüqarı və təmkiniylə təmayüz etmiş nadir şəxsiyyətlərdən biri idi. Xalid bəy bütün tövr və hərəkətləri, yaşayışı, danışığı və fəaliyyəti ilə həqiqi bir müəllim və gerçək bir tərbiyəçi idi. Onun söhbətlərini dinləmək səadətinə nail olmuş şəxslər incə nöqtələrindən, dərin fikirlərindən, Şərq ədəbiyyatına dair biliklərindən, din sahəsindəki ətraflı və feyzli düşüncələrindən daima istifadə etmək fürsətini tapmışlar”.
Jurnal Xalid Tanrıqulunun M. Rəsulzadə ilə dostluğundan bu şəkildə bəhs edib:
“Xalid bəy mərhum Məhəmmədəmin Rəsulzadənin ən yaxın dostlarından hesab edilirdi. Əmin bəy Xalid bəydən daima dərin bir sevgi və hörmətlə bəhs edərdi. Aralarında zaman-zaman məktublaşma və xəbərləşmə davam edərdi. Əmin bəyin vəfatından sonra Xalid bəyin yazdığı təziyyə məktubu onun Rəsulzadəyə qarşı nə qədər dərin bir təqdir və sitayiş hissləri ilə bağlı olduğunu göstərməkdədir. Xalid bəyin Salıpazarı yoxuşundakı mütəvazi evi azərbaycanlıların davamlı getdiyi bir yerdi”.
Xalid Tanrıqulu 1956-cı ilin avqust ayında vəfat edib.
Mühacir iki qardaş, polis məmuru
Qarsda yaşayan Hüseyn Odluyurd adlı mühacir isə 1961-ci ildə bir əməliyyatdan sonra vəfat edib. “Azərbaycan” dərgisindəki xəbərdə onun istiqlal dövründə Müsavat Firqəsinin Gəncə təşkilatında fəaliyyət göstərdiyi yazılıb. Mühacirətdə isə Azərbaycan Milli Mərkəzinin üzvü olub. Hüseyn bəyin qardaşı Kazım Odluyurd isə 1979-cu ildə infarkt nəticəsində İstanbulda vəfat edib.
Mühacirlərdən Seyfi Sağız 1903-cü ildə Gəncədə doğulub. Gənc yaşlarından istiqlal mücadiləsinə qatılan Seyfi bəy işğaldan sonra Cənubi Azərbaycana keçib, 1930-cu ilə qədər Təbrizdə yaşayıb. 1931-ci ildə Türkiyəyə köçüb. 7 noyabr 1933-cü ildə polis məmuru kimi işə başlayıb. Türkiyənin Van, Ərzurum, Kayseri, Kastamonu və Zonquldak şəhərlərində polis kimi çalışıb. Daha sonra Zonquldak şəhərində bələdiyyədə zabita komissarı kimi işləyib. 1957-ci ildə təqaüdə çıxıb. Seyfi bəyin Azər, Səfər və Sözər adında üç oğlu, Əzmiyə adında qızı olub.
Seyfi Sağız 8 fevral 1971-ci ildə Zonquldak şəhərində vəfat edib. Cənazəsinə uzun illər xidmət etdiyi polis heyəti və polis müdiri Şükrü Ural da qatılıb.
Milyonçunun qızı
“Azərbaycan” dərgisində qarşımıza çıxan vəfat elanlarından biri də milyonçu Ağabala Quliyevin qızı Sara xanıma aiddir.
Ağabala Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində doğulub. Atası Cənubi Azərbaycandan gəlmiş yoxsul bir tənəkəçi olub. Ağabala bəy bir dəyirmançının yanında işləyib, daha sonra həmin dəyirmanı satın alıb, yeniləyib. Daha sonra bu fəaliyyətini genişləndirib, imperiyanın müxtəlif yerlərində dəyirmanlar yaradıb, geniş şöhrət qazanıb. 1916-cı ildə Bakıda aclıq səbəbindən başlanan qiyam zamanı onun da dəyirmanına zərər dəyib. Bakının zəngin şəxslərindən birinə çevrilən Ağabala Quliyev şəhərin Poluxin küçəsində əzəmətli bina tikdirib. Həmin binanın layihəsi memar E. Y. Skibinskiyə aiddir.
Ağabala Quliyevin Ağa İsmayıl adlı oğlu, Rübabə, Səriyyə və Sara adlı qızları olub.
Ağabala Quliyev Cəmiyyəti-Xeyriyyənin müxtəlif işlərində iştirak edib, şəhərdəki önəmli vəzifələrdə yer alıb. Rus inqilabından sonra onun düşüncələrində fərqliliklər yaranıb. “Vikipediya”da bu barədə yazılıb: “1905-ci il rus inqilabından sonra Ağabala Quliyevin görüşlərində dəyişiklik əmələ gəlmişdi... 1905-ci ilin noyabrında Bakıda yaranmış “Yakor” təşkilatına daxil olmuşdu. Bu, Rusiyada yaranmış “Rus xalqının ittifaqı” adlı qaragüruhçu təşkilatın bir qolu idi. Ağabala Quliyev Azərbaycanda müstəqil respublika yaradılandan sonra da onların təsirindən qurtara bilməmişdi. Bu iş üstündə o hətta həbs edilib, bir neçə ay həbsxanada qalmışdı. 1920-ci ilin martında Ağabala Quliyev İrana gedir. O, İranda olarkən Bakıda çevriliş olur. Bolşeviklər hakimiyyət başına gəlirlər. Şəhərdə bir həftə talan gedir. Varlıların əmlakı müsadirə olunur, özlərini isə həbsə alırlar... Ağabala Quliyevin də ev-eşiyi talan edilir, arvad-uşaqları çölə atılır. Ağabala Quliyev İrandan öz gürcü dostlarına xəbər göndərir. Onların vasitəsilə arvadına və uşaqlarına cır-cındır paltar geyindirərək Tiflisə aparılır və oradan İrana keçirlər. İrana çatdıqdan sonra bir müddət Təbrizdə yaşayırlar. Sonra ailəsi ilə birlikdə Türkiyəyə gedir. Bir müddətdən sonra, iki qızı: Sara və Rübabəni təhsil almaq üçün İstanbulda qoyur, özü isə arvadı və oğlu Ağa İsmayıl və bir qızı Səriyyə ilə birlikdə Təbrizə qayıdırlar. Onların hər üçü Təbrizdə ölmüş və orada dəfn olunmuşlar. Türkiyədə qalmış qızları Rübabə və Sara isə orada ərə getmiş və oğul-uşaq sahibi olmuşdular”.
“Azərbaycan” dərgisindəki nekroloq Sara xanımla bağlıdır. Mətndə yazılıb: “Həmşərimiz ali dərəcəli mühəndis Fikri Arasın həyat yoldaşı, Azərbaycanın Bakı milyonçularından Ağabala Quliyevin qızı Sara xanım infarkt nəticəsində 13.12.1975 tarixində vəfat etmişdir...”