BAKI, 20 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, noyabrın 19-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 2009-cu il təvəllüdlü Nurcan Cəfərova həyatına qəsd edib. 16 yaşlı yeniyetmənin atasının ondan imtina etməsindən sonra belə fikrə düşdüyü bildirilir. Sosial Xidmətlər Agentliyinin də dünən yayılan açıqlamasında atasının qızdan rəsmi qaydada imtina etdiyi açıqlayıb.

Teleqraf-ın məlumatına görə, Azərbaycan qanunvericiliyində “övladdan imtina etmək” anlayışı yoxdur.

Qanunvericilikdə valideynin övladdan imtina etməsi ilə bağlı hər hansı bir norma mövcud olmadığına görə, bunun proseduru da müəyyən edilməyib.

Maraqlıdır ki, qanunvericilikdə belə bir anlayış yoxdursa, Agentlik rəsmi açıqlamasında atanın övladdan rəsmən imtina etməsini hansı qaydalara əsasən qeyd edib?

İnanmaq istərdik ki, aidiyyəti şəxslər Nurcana da məsələni rəsmi açıqlamadakı kimi çatdırmayıblar...

“Valideyn övladından rəsmi qaydada imtina etmir. Belə bir nəzəriyyə yoxdur. Sığınacağa verə bilər, saxlamaq istəməyə bilər, amma “övladımdan imtina edirəm” deyə bilməz. Mətbuatda verilən açıqlama da imtina etdi yazılması da düzgün ifadə deyil. Bizim cəmiyyətdə belə bir anlayış var ki, uşağı sığınacağa qoyursa, ondan imtina edir. Valideynin ərizəsi yəqin ki, uşağı saxlanılmasına imkanı olmaması istiqamətində olub. Amma faciəyə səbəb kimi təkcə valideynin imtinası üzərində dayanmaq da doğru olmaz. Yəqin ki, hüquq-mühafizə orqanları digər istiqamətlər üzrə də araşdırmaları aparacaqlar” – vəkil İlqar Musayev Teleqraf-a bildirib.

Onu da bildirək ki, övladlıqdan rədd edilməsinə uyğun gələn anlayış Mülki Məcəllədə yer alan ləyaqətsiz vərəsəlik anlayışıdır. Qanunda nəzərdə tutulmuş şərtlər olduqda, valideyn sadəcə, pay varisini vərəsəlikdən məhrum edə bilər. Şəxsin ləyaqətsiz vərəsə elan olumasına da yalnız məhkəmə qərar verə bilər.

Valideyn hüququndan məhrum edilməyə gəlincə, bu, uşaq üçün ciddi bir təhlükə yarandığı hallarda yenə məhkəmə qərarı qüvvəyə mindikdən sonra reallaşır.

Bu kimi hallara əsasən şiddət, zorakılıq, valideynin narkotik asıllığı və ya psixi pozğunluğu daxildir.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.