BAKI, 20 noyabr. TELEQRAF

Teleqraf İnformasiya Agentliyi Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova ilə müsahibəni təqdim edir:

- Ötən ay Azərbaycanda və Qafqazda ilk dəfə meyit donordan 19 yaşlı xəstəyə ürək köçürüldü. İstərdik əvvəlcə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin bu prosesi necə təşkil etdiyini izah edəsiniz. Əməliyyata qədər nələr baş verdi?

- Bildiyiniz kimi, Səhiyyə Nazirliyi tərəfindən vahid elektron sistem yaradılıb və süni tənəffüs aparatında olan komatoz xəstələr bu sistemə inteqrasiya olunub. Həmin gün xəstəxanada bir pasiyentdə beyin ölümü qeydə alındı və o, potensial meyit donor kimi sistemə daxil edildi. Bu məlumat elektron sistem üzərindən alındıqdan sonra koordinatorlarımız dərhal xəstəni dəyərləndirdilər.

Daha sonra mərhumun ailə üzvləri ilə görüş keçirildi. Onlara Səhiyyə Nazirliyinin nəzdində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyəti, ölkədə yaradılmış gözləmə siyahısı və orqan gözləyən xəstələrin vəziyyəti barədə ətraflı məlumat verildi. Bildirdik ki, bəzi xəstələrin canlı donorları olsa da, çox sayda insan var ki, onların uyğun donoru yoxdur və həyatları yalnız meyit donordan transplantasiyadan asılıdır. Bu xəstələrdən biri də ağır ürək çatışmazlığı yaşayan, bütün həyatı qarşıda olan cavan bir oğlan idi. Ailə ağır itki yaşamasına baxmayaraq son dərəcə humanist qərar verərək orqan donorluğuna razılıq verdi. Hüquqşünasımız tərəfindən razılıq forması rəsmiləşdirildi. Daha sonra vahid elektron sistem vasitəsilə gözləmə siyahısında uyğunluğa görə ilk sırada olan xəstə müəyyənləşdirildi və transplantasiyanı icra edəcək tibb müəssisələrinə dərhal məlumat verildi.

- Ailənin razılığı həm də özündə psixoloji məqamları ehtiva edir. Ailə ilə söhbəti hansı mütəxəssislər aparır?

- Ailənin razılığı prosesi təkcə hüquqi deyil, həm də dərin psixoloji məqamları olan bir mərhələdir. Buna görə, bu söhbət yalnız bu sahədə xüsusi hazırlıq keçmiş mütəxəssislər tərəfindən aparılır. Bu, həm ailənin emosional yükünü yüngülləşdirir, həm də qərarın tam məlumatlı şəkildə verilməsini təmin edir.

İlk mərhələdə Koordinasiya Mərkəzinin koordinatoru ailə ilə əlaqə qurur və vəziyyəti izah edir. Bütün prosesin şəffaf və qanunauyğun aparılması üçün hüquqşünas da söhbətdə iştirak edir. Ailəyə hüquqi aspektlər, donorluq icazəsinin qaydaları və sonrakı prosedur izah edilir.

- Bəs donorun köçürüləcəyi xəstənin tibbi göstəricilərinin qarşılaşdırılması hansı mərhələlərdən keçir?

- Donorun və xəstənin ilkin tibbi qiymətləndirilməsi aparılır, orqan funksiyaları və ümumi vəziyyət yoxlanılır. Qan qrupu və immunoloji uyğunluq nəzərə alınır. Bütün uyğunluqlar təsdiqləndikdən sonra transplantasiya komandası əməliyyata qərar verir. Yəni, bütün proses donor və xəstənin tibbi göstəricilərinə uyğunluğu təmin etmək üçün sistemli və mərhələli aparılır.

- Xəstə rayonda yaşayırsa, onun paytaxta gəlməsi, əməliyyata hazırlanması prosesi necə həllini tapır? Siz bu prosesə hansı formada qoşulursunuz?

- Meyit donor müəyyən olunanda, vahid informasiya sistemində qeydiyyata alınan xəstələrdən tibbi göstəricilərinə görə donorla uyğun olanlar seçilir. Əgər sistemdə çıxan xəstə rayonda yaşayırsa, həkimi onunla əlaqə saxlayır və paytaxta dəvət edir. Xəstə gəlib müayinə olunur. Əgər əməliyyat üçün tibbi cəhətdən uyğundursa, orqan ona köçürülür. Sıra üzrə bir neçə xəstəyə də xəbər verilir ki, hamısı müayinə olunsun və orqan uyğun olan xəstəyə köçürülsün. Meyit donorun gətirilməsi və əməliyyatın təşkili isə tamamilə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.

- Ümumiyyətlə, donor tapılan kimi xəstə əməliyyata nə qədər vaxta götürülməlidir? Meyit donorun ürəyi nə qədər vaxt saxlanıla bilər?

- Ümumiyyətlə, meyit donordan götürülən orqanlarla bağlı zaman çox önəmli rol oynayır. Donor tapıldığı anda transplantasiya komandası dərhal xəstəni əməliyyata hazırlamalı və gətirməlidir. Proses saatlarla ölçülür, çünki donor orqanının vaxt məhdudiyyəti var. Meyit donorun ürəyinin saxlanma müddəti var. Ürək donorun alınmasından sonra xüsusi soyuq mühitdə saxlanır və təxminən 4-6 saat ərzində transplantasiya edilməlidir.

- Yeganə xanım, meyit donorun yalnız ürəyi köçürülüb, yoxsa başqa orqanları da kiməsə həyat verib?

- Bəli, meyit donorun yalnız ürəyi köçürülməyib, digər orqanları da bir neçə insana həyat verib. Bu, meyit donorluğunun əsas üstünlüklərindən biridir. Bir donor, yalnız bir xəstəyə deyil, bir neçə xəstəyə ümid ola bilir.

Məsələn, bu konkret hadisədə ürək 19 yaşlı xəstəyə köçürülüb, amma donorun böyrəkləri və qaraciyəri digər xəstələr üçün istifadə olunub. Bu, həm donorun ailəsi üçün mənəvi təsəlli, həm də cəmiyyətdə humanist davranışın nümunəsi olaraq önəmli sayılır.

- Maraqlıdır, ailə orqan köçürülən gənclə tanış oldu?

- Xeyr, ailə orqan köçürülən gənclə tanış olmayıb. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 24 -cü maddəsinə əsasən donor haqqında məlumatların məxfiliyi ciddi şəkildə təmin edilir. Məqsəd həm donor ailəsini, həm də xəstəni emosional və hüquqi baxımdan qorumaqdır. Bu, transplantasiya prosesinin etik prinsiplərinə uyğun olaraq həyata keçirilir və hər iki tərəfin hüquqlarını qoruyur.

- Azərbaycanda neçə xəstəxana ürək köçürülməsi əməliyyatını həyata keçirmək üçün standartlara cavab verir?

- Nazirlər Kabinetinin təsdiq etdiyi, ürək əməliyyatlarına icazə verən xəstəxanaların siyahısı var. Yalnız bu xəstəxanalarda ürək transplantasiyası həyata keçirilə bilər. Beynəlxalq və yerli standartlara cavab verən bu tibb müəssisələrində xüsusi transplantasiya şöbələri, ixtisaslaşmış cərrahlar, intensiv terapiya və anesteziologiya heyəti, habelə müasir avadanlıqlar mövcuddur. Həmçinin, bu xəstəxanalar donor koordinasiyası və əməliyyatdan əvvəl və sonra tibbi monitorinq üçün vahid elektron sistemlə işləyirlər. Beləliklə, ürək köçürülməsi yalnız uyğun infrastruktura və təcrübəyə malik mərkəzlərdə icra olunur ki, əməliyyatın uğuru və xəstələrin təhlükəsizliyi təmin edilsin.

- Son 10 ayda ən çox hansı orqan üzrə transplantasiya əməliyyatı aparılıb?

- Son 10 ayda Azərbaycanda ən çox böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.

- Ürək köçürülməsi əməliyyatı orqan bağışlanması üçün müraciət edənlərin sayına təsir etdimi?

- Bəli, ürək köçürülməsi əməliyyatının uğurla həyata keçirilməsi orqan bağışlanması üçün müraciət edənlərin sayına müsbət təsir göstərib. İnsanlar görür ki, Azərbaycanda artıq yüksək riskli və mürəkkəb transplantasiyalar da uğurla icra olunur. Bu, cəmiyyətin orqan donorluğuna münasibətini dəyişir. Belə uğurlar donor olmaq istəyənlərin sayını artırır, çünki insanlar əmindirlər ki, onların verdiyi orqan həyat xilasına çevrilə bilər və düzgün prosedurlar vasitəsilə istifadə olunur.

- Orqan transplantasiyası əməliyyatlarının xərcləri necə qarşılanır?

- Azərbaycanda orqan transplantasiyası əməliyyatlarının xərcləri dövlət tərəfindən qarşılanır.