BAKI, 20 noyabr. TELEQRAF

"Yeni Klinikada Yeni Robotik Reabilitasiya Mərkəzi gündə 500 pasiyentə xidmət verəcək".

Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada çıxışında deyib.

O bildirib ki, bura dünyada ən yaxşı reabilitasiya mərkəzlərindən biridir:

"Burada fizioterapevtlər var, onların işin əsas icraçılarıdır. Mütəxəssislər təlimlər keçir. Avadanlıqların böyük hissəsi robotik avadanlıqlardır. Məqsədlərimizdən biri də budur ki, 150- 200 min Azərbaycan vətəndaşı burada öz sağlamlığına qovuşsun. Yeni Robotik Reabilitasiya Mərkəzi 3 min 600 kvadratmetr ərazidə yerləşir. Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir".

V. Qurbanov qeyd edib ki, müəssisədə ümumilikdə üç həkim-fizioterapevt, bir həkim-travmatoloq, dörd həkim-nevroloq, dörd təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, doqquz müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir:

"Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də ölkənin müxtəlif tibb müəssisələrindən reanimasiyadan sonra reabilitasiyaya ehtiyacı olan vətəndaşların stasionar müalicəsinin həyata keçirilməsi nəzərdə tutulub".