BAKI, 31 oktyabr. TELEQRAF
Bakıda Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Tural Şakir oğluna məxsus “Sushi Club” ictimai iaşə müəssisəsində sanitariya norma və qaydalarının tələbləri pozulub.
Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, ictimai iaşə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rolların hazırlanmasında istifadə edilən çiy balığın müşayiətedici sənədlərinin olmadığı, emal prosesində istifadə olunan yarımfabrikatların üzərində hazırlanma tarixinin qeyd edilmədiyi, xammalların saxlama temperaturuna əməl olunmadığı, texnoloji prosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal olunan suşi rollardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.