BAKI, 14 oktyabr. TELEQRAF

"Bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər icra edir. Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, diri və emal olunmuş heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunur".

Bu Teleqraf-ın ölkədə yayılan dabaq xəstəliyi ilə bağlı sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd edilib ki, agentlik Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə xəstəliklərdən azad zonaların yaradılması və zoonoz xəstəliklərə qarşı effektiv nəzarət mexanizmlərinin qurulması istiqamətində işləri davam etdirir.

"Bununla yanaşı, ölkədə heyvanların identifikasiyası və qeydiyyatı həyata keçirilir ki, bu sistem heyvan xəstəliklərinin aşkarlanması və onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir.

Xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir. Fərdi və fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə toplanmış məlumatlar peyvəndləmə və digər profilaktik tədbirlərin görülməsi üçün yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə göndərilir.
Xəstəliklərin qarşısının alınması üçün mübarizə tədbirlərinə aşağıdakılar daxildir:

• heyvanların müntəzəm peyvəndlənməsi və sağlamlıq nəzarəti;
• təsərrüfatlarda biotəhlükəsizlik qaydalarına əməl olunması;
• qida məhsullarının təhlükəsiz emalı və saxlanması;
• ictimai maarifləndirmə və risk kommunikasiya tədbirləri.

Heyvan xəstəliklərinin qarşısının alınması üçün müvafiq dövlət orqanları məsələni daim diqqətdə saxlayır və mübarizə tədbirlərini davam etdirirlər", - məlumatda qeyd olunub.