BAKI, 10 oktyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı münasibətilə tədbir keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxış edərək yanğınsöndürənləri peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
İttifaqın sədri Azərbaycanda yanğınsöndürmə dəstələrinin yaradılması tarixinə qısa ekskurs edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il oktyabrın 10-da Bakı şəhər idarəsinin tərkibində Bakı Yanğın Komandası təsis edilib. Ümummilli Lider Heydər Əliyev 2002-ci il oktyabrın 5-də məhz bu tarixin Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb. Yanğından mühafizə sahəsinin daim Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunduğunu deyən M.İsmayılov Prezident İlham Əliyev tərəfindən bu siyasətin bu gün davam etdirildiyini vurğulayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət general-mayoru Aqşin Kazımov respublika ərazisində baş vermiş yanğınların söndürülməsinin və təxirəsalınmaz xilasetmə tədbirlərinin həyata keçirilməsi məqsədilə görülmüş işlərdən ətraflı bəhs edib və qarşıda duran vəzifələrdən söz açıb. O, yanğından mühafizə xidmətinin ən müasir yanğınsöndürmə texnika və vasitələri ilə təmin olunduğunu bildirərək göstərilən qayğıya və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, əməkdaşları təbrik edib.
Yanğınla mübarizənin çətin və şərəfli peşə olduğunu söyləyən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovnik-leytenantı Mircavad Seyidov yanğınsöndürənləri peşə bayramı münasibətilə təbrik edib.
Tədbirin sonunda FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən xidmətdə fərqlənən bir qrup əməkdaş qiymətli hədiyyə və fəxri fərman təltif edilib.