BAKI, 8 oktyabr. TELEQRAF

"Yaşlı şəxslər, xroniki xəstəliyi olanlar (astma, şəkərli diabet, ürək-damar, böyrək və ağciyər xəstəlikləri kimi), hamilə qadınlar, səhiyyə işçiləri, uşaqlarla və immun sistemi zəif olanlarla sıx təmasda olan insanlar peyvənddən daha çox fayda görür. Əgər hazırda orta və ya ağır dərəcədə xəstəlik varsa, məsələn, yüksək hərarət və ya kəskin respirator infeksiya müşahidə edilirsə, peyvənd xəstəlik tam sağalandan sonra vurulmalıdır".

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib ki, yumurta allergiyası olanlar bəzi vaksin növlərinə xüsusi diqqət etməlidir.

"Bir çox yeni vaksinlər yumurtasız hazırlanır və bu halda həkimlə məsləhətləşmək vacibdir. Altı aydan kiçik körpələrə qrip peyvəndi vurulmur. İmmunitet sistemi zəif olan şəxslərə isə bəzi canlı vaksin növləri uyğun olmaya bilər.

Əgər artıq özünüzdə qrip əlamətlərini hiss etmisinizsə (məsələn, burun axması, boğaz ağrısı, temperatur və ya əzələ ağrıları), bu halda peyvənd vurdurmaq məsləhət görülmür".

Onun sözlərinə görə, qrip peyvəndi 6 aydan yuxarı olan sağlam insanlar üçün tövsiyə olunur:

“Peyvənddən sonra immunitetin yaranması təxminən iki həftə çəkir. Buna görə də xəstəliyə yoluxmadan öncə vaxtında peyvənd olunmaq vacibdir”.

O həmçinin bildirib ki, qrip uşaqlar arasında xüsusilə sürətlə yayıla və ciddi fəsadlara səbəb ola bilən xəstəliklərdən biridir.

"Uşaqlara tətbiq edilən qrip peyvəndi yüksək qoruma səviyyəsini təmin edir, hər il yenilənən tərkibi sayəsində həmin mövsümdə dövriyyədə olan viruslara qarşı daha effektiv müdafiə yaradır. Məktəb və bağça mühitində uşaqlar arasında yayılmanın qarşısını almaqla yanaşı, ailə üzvlərini və digər insanları da qoruyur. Eyni zamanda, peyvənd olunmuş uşaqlarda pnevmoniya, yüksək hərarət və xəstəxanaya yerləşdirmə kimi ağırlaşmaların riski əhəmiyyətli dərəcədə azalır.