BAKI, 7 oktyabr. TELEQRAF

İdmanın sağlam həyat tərzinin ayrılmaz hissəsi olması cəmiyyətdə daim vurğulanan fikirlərdən biridir. Fiziki aktivlik insan sağlamlığı üçün çoxsaylı müsbət təsirlərə malikdir. Lakin son illərdə idman zallarında və müxtəlif idman növləri ilə məşğul olan şəxslər arasında müşahidə edilən qəfil ölüm halları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Elə bir neçə gün öncə Əməkdar artist Cabir İmanovun idman zalında baş verən qəfil ölümü kimi...

Bu baxımdan, idmanın hər kəs üçün eyni dərəcədə faydalı olub-olmaması, bəzi hallarda bədənə zərərli təsiri, yanlış tətbiq olunduqda yarada biləcəyi təhlükələr, sağlamlıq vəziyyətinə görə risk faktorlarının mövcudluğu məsələləri müzakirə mövzusudur.

Maraqlıdır, hər kəs istənilən idman növü ilə məşğul ola bilərmi? Hansı idman növləri riskli ola bilər? Ölkədə fəaliyyət göstərən idman zallarında həkim olurmu, vətəndaşdan sağlamlıq kağızı tələb olunurmu?

Teleqraf -ın növbəti araşdırmasında bu və digər suallara cavab tapmağa çalışmışıq.

Qanun nə deyir?

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən (Bədən tərbiyəsi və idmanla məşğul olan uşaq və gənclərə həkim nəzarəti) bədən tərbiyəsi dərslərinə, habelə idman məşğələlərinə və yarışlarına dövlət və bələdiyyə tibb müəssisələrində tibbi müayinədən keçən uşaqlar və gənclər buraxılırlar. Həmin maddədə bildirilir ki, tibbi-bədən tərbiyəsi dispanserləri, poliklinikaların yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan kabinetləri, sahə həkimləri bədən tərbiyəsi və idman üzrə məşqçilər və təlimatçılarla birgə idmanla məşğul olan uşaq və gənclərin qeydiyyatını aparır, onların sağlamlıqlarının, fiziki inkişafının vəziyyətinə və səviyyəsinə həkim nəzarətini həyata keçirirlər.

Göründüyü kimi qanunvericilik yalnız dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə zamanı sağlamlıq kağızını tələb edir.

Millinin sabiq baş məşqçisi Şahin Diniyev deyib ki, həvəskar idman sağlamlığı qorumaq üçündür.

“Burada əsas diqqət yüngül qaçış, yeriş və yüngül idman hərəkətlərinə yönəlir.

Peşəkar idman isə daha çətindir. Həmişə sağlam olmursan, çünki təzyiq, stress altında iş görürsən. Bu da idmançıların gələcəyi üçün təhlükəli ola bilir: sonradan müəyyən xəstəliklərin yaranmaq ehtimalı yüksəkdir. Daim təzyiq, yük altında olmaq ürək-damar sistemində problemlərə yol açır”.

Həkim nəzarəti olmalıdır

Sabiq baş məşqçi buna görə də həkim nəzarətinin vacibliyini vurğulayır.

“Yoxlanışdan keçmək lazımdır. Əsas ürək-damar sistemi yoxlanılmalıdır. Hər bir klubda idman həkimlərinin labüdlüyü vacibdir. Bu, idman zallarında da olmalıdır. Zallarda ölüm sayları çoxalır. Bu da əsas ürəyə güc düşməsi ilə bağlıdır. Buna görə də həkim nəzarəti olmalıdır. İnsana nə qədər yük verilə biləcəyi müəyyən edilməlidir”, - o əlavə edib.

Onlar sağlamlıq problemlərini gizlədirlər

Mövzu ilə bağlı Teleqraf-a danışan fitness məşqçisi, idman zallarının birinin rəhbəri Kamil Zeynallı belə zalların əksəriyyətində həkimin olmadığını, sağlamlıq kazığının isə tələb olunmadığını qeyd edib.

“Sağlamlıq kağızının tələb olunması ilə bağlı xüsusi tələb, qanun yoxdur. Bu, məşqçinin və zala gələn şəxsin məsuliyyətindən asılıdır:

“Məşqçi idman zalına gələn şəxsin sağlamlıq durumunu soruşur. Həmin şəxs də dürüst cavab verməlidir. Amma gələn şəxslər bəzən sağlamlıq problemlərini gizlədirlər. O insanların çoxu idman zalına əsasən arıqlamaq və ya bədənini formaya salmaq, yaxud kökəlmək məqsədi ilə gəlir. Sağlamlıq probleminə görə, məsələn, ürəyində olan problem üçün idman etmək istəyən şəxslər bulvarda gəzintiyə çıxırlar”.

Həkimə idman zalında işləmək sərf etmir

Fitness məşqçisi idman zallarında ölüm hallarının az qeydə alındığını deyib.

“Azərbaycanda idman zallarının çoxunda həkim yoxdur. Ümumiyyətlə, həkimə idman zalında işləmək sərf etmir. Həkimlər daim pasiyentlərlə işləyirlər. İdman zalında isə nadir hallarda həkimə ehtiyac duyulur.

Bu, xaricdə də belədir. Mən Avropa ölkələrindəki idman zallarında az hallarda həkimlə rastlaşmışam”, - o əlavə edib.

Məşqçilər ilkin tibbi yardımı bacarırlar

Onun sözlərinə görə, məşqçilər ürəkgetmə, başgicəllənmə kimi hallarda ilkin tibbi yardım göstərməyi bacarmalıdır.

“Uzun zaman məşq etməyən bir insan idmana başlayanda ilk günlər halsızlıq, başgicəllənmə, ürəkgetmə ola bilir. Pəhriz saxlayıb ac məşq etdikdə də halsızlıq olur. İdman zallarında məşqçilərin çoxu belə hallarda ilkin tibbi yardım göstərməyi bacarırlar. Hər məşqçinin tibbi bilikləri olmalıdır. Məsələn, keysəriyyə əməliyyatı olan bir qadın 6 aydan tez idmanla məşğul ola bilməz. Amma təbii doğum edən qadın 1 ay yarımdan sonra idmana başlaya bilər. Bunu hər məşqçi bilmir, amma bilməlidir. Məsələn, bir insanın belində, ayağında, ürəyində problem varsa, ona mütləq uyğun proqram tərtib olunmalıdır. Bəzi məşqçilər bilməsə belə bildiyini deyir, bu da artıq onun öz məsuliyyətidir”.

Azərbaycanda məşqçini görkəminə, Avropada savadına görə seçirlər

K.Zeynallı bildirib ki, Azərbaycanda zallara məşqçiləri seçəndə daha çox görkəminə fikir verirlər.

“Ölkədə idman zallarının 99%-i özəldir. Bir məşqçinin görkəmi və bir az da savadı varsa, onu məşqçi kimi işə götürürlər. Diplomunu, sertifikatını soruşan olmur.

Əslində məşqçinin özündə o görkəmi yaratması da anatomiyadan irəli gəlir. Məşqçi özünü o hala gətiribsə, deməli anatomiyadan anlayışı var, düzgün qidalanmanı bilir. Bu da bir tərəfdən onun göstəricisidir.

Avropada isə əsas savada fikir verirlər. Məsələn, mən İtaliyada məşqçilik kursunu keçəndə oraya 20 ölkədən 60-70 məşqçi gəlmişdi. Azərbaycanda 3 məşqçi var idi. Onların içində bədən forması baxımından ən görkəmlisi biz idik. Biz onlardan bədən formalarını nə üçün məşqçi kimi saxlamadıqlarını soruşduq. Onlar dedilər ki, bizdə daha çox savada önəm verirlər”, - o qeyd edib.

10-15 ildir ki, protein tozu istifadə edirəm, amma…

Fitness məşqçisi idmanda əlavə qida olaraq protein tozundan istifadə edildiyini və onun insan bədəninə həm faydalı, həm də zərərli ola biləcəyini qeyd edib.

“İdmanla məşğul olan bəzi insanlar müəyyən səbəblərdən düzgün qidalana bilmir. Buna görə də bu tozlardan istifadə etmək lazımdır. Proteinin tərkibində gündəlik lazım olan qidaların, vitaminlərin tərkibləri var. Protein qidalardan əldə edilir. Protein tozları və digər məhsulların insana xeyri də, zərəri də ola bilər. Protein tozları qaraciyərdə, mədə-bağırsaq sistemində problem olan insanlara verilməli deyil. Savadlı məşqçi şəxsin bu probleminin olub-olmadığını öyrənməlidir. Belə problemləri olan insanların müalicə dövrü bitəndən sonra onlara qədərinə uyğun protein tozu verilə bilər. Əks halda protein tozu zərərli ola bilər. Belə olduqda isə günahı protein tozlarının üzərinə atırlar. Mən özüm 10-15 ildir ki, protein tozu istifadə edirəm. Amma mənə zərəri olmayıb, çünki düzgün qidalanıram.

Bu məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, gömrük orqanı tərəfindən yoxlanılır, apteklərdə də satılır.

Bəzi həkimlər özləri xəstələrə protein tozu tövsiyə edir, çünki bu, bəzi xəstə insanları dirçəldir, həmçinin kökəldir. O baxımdan bu tozları qaydasında və qədərində istifadə etdikdə zərəri olmur”.

Hər kəs öz sağlamlıq vəziyyətinə uyğun idman seçməlidir

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutundan Teleqraf-a bildirilib ki, idman hər kəs üçün eyni dərəcədə faydalı deyil.

Xüsusilə də yaxın zamanda infarkt və ya insult keçirənlər, ürək çatışmazlığı olanlar, ciddi ritm pozğunluğu yaşayanlar üçün ağır idman sağlamlığa təhlükə yarada bilər:

“Qəfil ürək dayanması, infarkt, nəfəs çatışmazlığı, ciddi travmalar mümkündür. Erkən müayinələr həyat qurtarır və mütləq həkimlərdən məsləhət alınmalıdır. Belə xəstələrdə sadəcə yüngül və uyğun idman növlərinə üstünlük verilməlidir. Məsələn, gündəlik gəzinti, nəfəs məşqləri, üzgüçülük, yoqa və pilatesin sadələşdirilmiş variantları təhlükəsizdir. Əsas qayda odur ki, hər kəs öz sağlamlıq vəziyyətinə uyğun idman seçməlidir”.

İdmana başlamadan öncə yoxlanış olmalıdır

İnstitutdan bildirilib ki, idman öncəsi yoxlanış əslində hər kəs üçün faydalıdır.

“Minimum olaraq qan analizi, təzyiq və nəbz ölçülməsi, elektrokardioqramma (EKQ) edilməlidir. Əgər əlavə risk faktorları varsa, ürəyin exokardioqrafiyası və ağciyər müayinəsi də aparılmalıdır. Bu sadə addımlar insanı böyük fəsadlardan qoruya bilər. İdman sağlamlığın dostudur. Hər kəs öz sağlamlıq vəziyyətini nəzərə almalı, həkimlə məsləhətləşməlidir. İdmanı həyatınızdan çıxarmayın”.