FÜZULİ, 29 avqust. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş Sumbat Əliyev dəfn edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, vida mərasimindən sonra onun nəşinin qalıqları Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, rayon icra hakimiyyətinin nümayəndələri, rayon sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

***

13:23

Birinci Qarabağ müharibəsində itkin düşmüş Sumbat Əliyevin nəşinin qalıqları onun doğulduğu evə gətirilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, şəhid Sumbat Əliyev Nüdrət oğlu 1992-ci il iyun ayında Qarabağ döyüşlərinə qatılıb. Döyüş yolu Füzuli rayon Qacar kəndində olub, artilleriyaçı kimi xidmət göstərib.

1993-cü il aprel ayının 2-də itkin düşüb, 32 il ondan heç bir xəbər alınmayıb.

2025-ci ilin 26 avqust tarixində Sumbat Əliyevin nəşinin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində tapılıb.

İtkin şəhid doğulduğu Aşağı Kürdmahmudlu kənd məzarlığında torpağa tapşırılacaq.

***

13:10

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Sumbat Əliyevin nəşi bu gün Füzuli rayonunda torpağa tapşırılacaq.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşən, sonradan nəşi tapılan hərbçi Əliyev Sumbat Nüdrət oğlunun cənazəsi Füzuli rayonuna gətirilib.

Cənazəni rayonun giriş hissəsində rayon icra hakimiyyətinin nümayəndələri, ictimaiyyət təmsilçiləri və şəhidin yaxınları qarşılayıb.