BAKI, 26 avqust. TELEQRAF

Avqustun 26-da Bakıda Azərbaycan Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı ilə “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Teleqraf xəbər verir ki, üç gün davam edəcək tədbirə dünyanın 30-dan çox ölkəsindən - Türkiyə, ABŞ, Fransa, Almaniya, Yaponiya, Polşa, Belçika, Rusiya, Ukrayna, Estoniya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən aparıcı alimlər qatılıb.

Konfransın məqsədi süni intellekt, idarəetmə sistemləri, siqnal emalı, optimallaşdırma, nümunələrin və görüntülərin tanınması kimi sahələrdə son elmi yeniliklərin müzakirəsi, qabaqcıl tədqiqatların təqdim olunması və beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsidir.

Konfransda Azərbaycan İdarəetmə Sistemləri İnstitutunun baş direktoru professor Əli Abbasov, AMEA-nın vitse-prezidenti, Azərbaycan İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru professor Rasim Əliquliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin icraçı rektoru professor Əminağa Sadıqov, eləcə də beynəlxalq elmi ictimaiyyətin tanınmış simaları - professor Boris Morduxoviç (ABŞ, Ueyn Dövlət Universiteti), professor Örkən Mamırbayev (Qazaxıstan, İnformasiya və Hesablama Texnologiyaları İnstitutu), doktor Abzetdin Adamov (IEEE, ABŞ) çıxış edirlər. Konfrans avqustun 28-də yekunlaşacaq.

Qeyd edək ki, “Kibernetika və informatikanın problemləri” konfransı 2006-cı ildən etibarən mütəmadi şəkildə Bakıda keçirilir. Konfransın əsas məqsədi müxtəlif ölkələrin elmi-tədqiqat institutları, universitetləri, dövlət qurumları və özəl sektor nümayəndələrini bir araya gətirərək bu sahədə mövcud elmi və praktiki problemlərin birgə müzakirəsini təmin etməkdir.