BAKI,15 avqust. TELEQRAF
Füzulidə istifadəyə yararsız və qadağan olunmuş pestisidlər zərərsizləşdirilmək üçün xüsusi poliqona daşınıb.
Bu barədə Teleqraf-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində yararsız və qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.
Bu çərçivədə həyata keçirilən tədbirlərin davamı olaraq, AQTA tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkət Füzuli rayonu ərazisində 50 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib. Beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilməsi üçün xüsusi nəqliyyat vasitəsi ilə “Cəngi pestisid poliqonu”na yola salınıb.
Növbəti mərhələdə pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır. Eyni zamanda, təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.
Xatırladaq ki, bir neçə gün öncə Samux rayonu ərazisində 100 tona yaxın istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınması həyata keçirilib. İcra olunan tədbirlər növbəti mərhələdə İmişli rayonunda davam etdiriləcək, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq.