BAKI, 12 avqust. TELEQRAF

"Qürur duyuram ki, təmsil etdiyim Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq qlobal müstəvidə dinlər, sivilizasiyalar arasında dialoq prosesində aparıcı rol oynayır. İqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması ötən ilin noyabrında Bakıda COP 29 BMT tədbirində müzakirə edildi və həmin Forum çərçivəsində iqlim problemlərinin mənəvi dəyərləndirilməsində dini liderlər yaxından iştirak etdilər".

Teleqraf xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində G20 Dinlərarası Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ümumi evimiz olan Yer kürəsində insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoq zərurətindən irəli gələn, son illərin ənənəsi - Böyük İyirmilik ərəfəsi Dinlərarası Forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilib.

QMİ sədri vurğulayıb ki, beynəlxalq sabitliyə təhdid olan ksenofoboya təzahürləri, etnik, dini, irqi ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri, süni intellektin fəsadları, sürətlə silahlanma, real nüvə təhlükəsi bütün bəşəriyyət üçün ən böyük təhlükələrdir.

Keyptaun Forumunun mövzusunun “İman fəaliyyətdə” olaraq seçilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Şeyxülislam bildirib ki, həqiqətən, dinlərin, imanın potensialı, ümumbəşəri dəyərlər və insan qardaşlığı çağırışları bütün problemlərin həllinə yardımçı ola bilər.

"Azərbaycanın ardıcıl 3 il sədrliyi müddətində Qoşulmama Hərəkatı müstəvisində bütün irqlərin və xalqların bərabərliyinin tanınması, müstəmləkəçiliklə mübarizə istiqamətində mühüm əməli addımlar atılıb. Azərbaycan Respublikası beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin məlum qətnamələrini yerinə yetirərək işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağda dinc quruculuq işləri və əhalinin qayıdış layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgəmizdə sülh və tərəqqi yönündə səy göstərir”.

Şeyxülislam A. Paşazadə çıxışının sonunda, həmçinin, G20 Dinlərarası Forumun işində iştirak edən və ölkəmizi təmsil edən Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun adından Forumun təşkilatçılarına təşəkkürünü bildirib.

QMİ sədrinin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. Forum öz işini avqustun 14-də yekunlaşdıracaq.