BAKI, 17 iyul. TELEQRAF

Yanğınlarla bağlı ilin ən yüksək statistikası məhz bu dövrdə qeydə alınır.

Teleqraf xəbər verir ki, bunu FHN-in Yanğından Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Əlibala Əlizadə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirədə deyib.

O bildirib ki, yanğınların hansı səbəbdən baş verməsi ilə bağlı göstəricilər yekun rəylər toplandıqdan sonra açıqlanır.

"Birinci sırada məişət yerlərində, evlərdə baş verən yanğınlar durursa, növbəti sırada nəqliyyatda olan yanğınlardır. 2023-cü ildə nəqliyyatlarda baş verən yanğınlarda 10 ölüm faktı olduğu halda, 2024-cü ildə yalnız 1 ölüm halı qeydə alınıb. Bu da o deməkdir ki, böyük nailiyyət əldə etmişik", - o əlavə edib.

O qeyd edib ki, nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi kondisioner və soyuducu cihazların vaxtında təmizlənməməsi, texniki qulluğun aparılmamasıdır.

"Baş vermiş yanğına sürücünün ilkin müdaxiləsi çox önəmlidir", - FHN rəsmisi vurğulayıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Müvəssil Allahverdiyev qeyd edib ki, qəza olan yerdə vətəndaşlar xilasedicilər gələnədək ilkin tibbi yardım göstərməyə çalışırlar amma bəzən onların rəftarı zərərçəkmişin ölümünə səbəb ola bilir.

"Vətəndaşlara müraciət edirəm, bizə kömək etsinlər, amma telefonla çəkiliş aparmasınlar. Bu, xilasedicilərin işinə maneə yaradır, halbuki onlar zamanla yarışırlar", - qurum rəsmisi əlavə edib.