BAKI, 12 iyul. TELEQRAF

“Sputnik Azərbaycan”ın fəaliyyəti Azərbaycanda çoxdan dayandırmalı idi.

Bu sözləri Teleqraf-a açıqlamasında "Şərq" qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı deyib.

O bildirib ki, “Sputnik Azərbaycan”ın anti-Azərbaycan təbliğatı aparması, Azərbaycanın əleyhinə olması və əməkdaşları ilə bağlı zaman-zaman açıqlamaların şahid olurduq.

“Hüquq mühafizə orqanlarının əlində əsaslı fakt olmadan o həbslər həyata keçirilə bilməzdi. Onların fəaliyyəti ölkənin imicinə mənfi təsir göstərmək məqsədi güdürdü. Buna görə də əməkdaşlarının həbsi çox normal və qəbul olunandır”, - o əlavə edib.

Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli isə açıqlamasında deyib ki, “Sputnik Azərbaycan” redaksiyasının media prinsiplərini pozması, Rusiya xüsusi xidmət orqanlarının əlində alət olması təkcə Azərbaycanda ifşa olunmayıb.

O bildirib ki, bu təşkilat guya rusiyalı jurnalistlərin Azərbaycanda söz və ifadə azadlığının təqib olunduğu barədə yalançı rəy formalaşdırmağa çalışıb.

“Rusiya beynəlxalq jurnalistika prinsiplərinə heç hörmət etməyən bir dövlətdir. Bircə fakt bunu sübut edir ki, son 30 ildə Rusiya ərazisində məhz peşə fəaliyyətinə görə 50-dən çox jurnalist öldürülüb, yüzlərlə jurnalist həbsə atılıb, minlərlə jurnalist müxtəlif təhdid və fiziki xəsarətlərə məruz qalıb. Rusiya bütün bunlara göz yumub. Onlar müxtəlif dünya ölkələrinə və təşkilatlara müraciət edərək ictimaiyyəti çaşdırmağa çalışırlar. Mətbuat Şurası olaraq dünyanın bir neçə təşkilatına müraciət edərək Rusiya Jurnalistlər İttifaqı tərəfindən manipulativ addımların atıldığını, onlar tərəfindən irəli sürülən tezislərin yanlış olduğunu diqqətə çatdırdıq. Bunlara inanmamalarını tövsiyə etdik”, - o əlavə edib.

Qeyd edək ki, bu gün Mətbuat Şurası bəyanatla çıxış edərək bildirib ki, “Sputnik Azərbaycan”ın rəhbəri jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olub və ümumiyyətlə bu qurum Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı kimi fəaliyyət göstərib.