BAKI, 1 iyul. TELEQRAF

"1 iyul tarixindən etibarən Ailə Məcəlləsində nikah yaşının 1 yaş azaldılması maddəsi də qüvvədən düşür və bundan sonra qanunvericiliyə əsasən heç bir sui-istifadə halına yol verilməyəcək".

Bunu Teleqraf-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva bildirib.

Qeyd edək ki, Ailə Məcəlləsinə görə, nikah yaşı 18 yaşdır. Amma indiyə qədər istisna hallar olduğu zaman nikaha daxil olmaq istəyən, lakin yaşı buna imkan verməyən şəxslərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilirdi.

Ötən il yaşı çatmayan 185 şəxsə nikaha daxil olmağa icazə verilib

S.Əliyeva qeyd edib ki, son illər erkən evlilik, erkən nikah hallarının sayında da azalmalar müşahidə olunur.

"Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir. Ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub. 2023-cü illə müqayisədə bu say 463 nəfər azalıb.

Eləcə də, respublikanın 14 iqtisadi rayonu üzrə ötən ildə 185 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən nikaha daxil olmaq üçün icazə verilib. 2023-cü illə müqayisədə bu say 64 nikah azalıb.

Təbii ki, göstəricilərin azalması hələ işin bitməsi demək deyil. Məlumatlandırma və maarifləndirmə davam edəcək, qanunla müəyyən edilən hər bir hala ciddi nəzarət olacaq”.

Qohum evliliyini qadağan edən qanun artıq qüvvəyə mindi. Bu qanunun icrasına nəzarət necə təşkil edilməli, tənzimlənməlidir?

Komitə rəsmisi bildirib ki, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.

“Azərbaycan Prezidentinin imzaladığı 28.06.2024-cü il, 1198-VIQD nömrəli Qanuna əsasən “Ailə Məcəlləsinin” 12-ci maddəsində müvafiq dəyişiklik edilmiş, aralarında nikahın bağlanılması yol verilməyən subyektlər dairəsi genişləndirilmiş, yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməməsi qət edilmişdir.

Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq”.

Qohum nikahları sağlam ailələrin formalaşması üçün təhdiddir

Ailə məsələləri şöbəsinin baş məsləhətçisi qanuna edilən yeni dəyişikliklərin cəmiyyət üçün faydalarına da diqqət çəkdi: “Qohum nikahları sağlam ailələrin formalaşması üçün hər zaman təhdid olub. Belə nikahların mövcudluğu sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə, genetik xəstəliklərin artmasına, sosial cəhətdən həssas qrupların sayının çoxalmasına birbaşa təsir göstərir.

Bu qadağa yalnız Azərbaycanda mövcud deyil. Bir sıra ölkələrin qanunvericiliyində də qohum nikahları qadağan edilib. Belə qadağaların qoyulmasının başlıca səbəbi ölkədə gələcək nəsillərin və genofondun qorunmasıdır. Qadağa ilə yanaşı ictimai fəal insanların, gənclərin düzgün məlumatlı olaraq belə halların qarşısının alınmasında yaxından iştirak etməsi, fəallıq göstərməsi də cəmiyyətdə qohum evlilikləri ilə bağlı düzgün fikrin, münasibətin formalaşmasına öz töhfəsini verəcək. Bu qadağa sağlam gələcəyin, sağlam ailələrin qurulması üçün əhəmiyyətli rol oynayacaq”.

S.Əliyevanın fikincə, qohum evliliyi nəticəsində ailələrdə doğulan uşaqların sağlamlıq problemlərinin mümkün riski səbəbindən bu problem olduqca ciddi və aktual məsələdir. “Əhalinin reproduktiv sağlamlığının tibbi aspektləri ilə dövlətin demoqrafik siyasəti arasında sıx əlaqə, bu problemin böyük sosial-iqtisadi əhəmiyyəti onun bütün aspektlərinin dərindən öyrənilməsinə və ciddi qadağaların tətbiq edilməsinə zəmin yaradıb.

Qohum evlilikləri gələcək nəslin sağlamlığına, ailənin psixoloji mühitinə, ailənin dayanıqlılığına mənfi təsir göstərir. Bu problem ciddi ictimai sağlamlıq problemidir. Həm də bu problem həssas təbəqədən olan ailələrin artması üçün zəmin yaradır. Ciddi problem olaraq bir neçə aspektdən fəsadlar törədir və ciddi nəzarət tələb edir.

Maarifləndirmə şərtdir

Komitə rəsmisi hesab edir ki, qanunun qüvvəyə minməsinə baxmayaraq, əhalinin, xüsusi ilə də ailə qurmağa hazırlaşan cütlüklərin qohum evliliyinin təsirləri, fəsadları haqqında mütəmadi olaraq məlumatlandırılmasına yenə də ehtiyac var: “Bu qadağa insanların məsələyə tam ciddi yanaşması, heç bir bəhanə, əsas, səbəb gətirməyərək qanuna tabe olması və beləliklə gələcək sağlam nəslin qorunması üçün qəbul edilmiş qanuna tam riayət etməsi üçün vasitədir.

Maarifləndirmə və məlumatlandırma tədbirləri sistemli şəkildə aparılmalı və ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə həyata keçirilməlidir.

Bu qadağa keçmişdən bu günə gəlib çatan qohum evliliyi kimi stereotipin məhv olmasının təməlidir”, - o, bildirib.