VARŞAVA, 9 iyun. TELEQRAF

Son illər Avropa qitəsi azərbaycanlılar üçün yalnız turizm məkanı deyil, həm də yeni həyat qurmaq, işləmək, təhsil almaq və ailə birləşdirmək üçün cəlbedici istiqamətə çevrilib.

Son otuz ildə Avropada Azərbaycan icmalarının xəritəsi nəzərəçarpacaq dərəcədə dəyişib və genişlənib. Əgər 1990-cı illərin əvvəllərində əsasən müharibə və digər səbəblərdən ölkəni tərk etmiş kiçik bir qrupdan ibarət idisə, bu gün artıq Avropanın əksər ölkələrində azərbaycanlı icmaları mövcuddur.

Hazırda Almaniya, Fransa, Niderland, Böyük Britaniya, Polşa və digər Avropa ölkələrində on minlərlə azərbaycanlı yaşayır, işləyir, oxuyur və fəaliyyət göstərir. Onların arasında beynəlxalq şirkətlərdə çalışan mütəxəssislərdən tutmuş ailə qurub yeni həyata başlayanlara qədər müxtəlif kateqoriyalara rast gəlmək mümkündür.

Bu prosesin dinamikası sadə deyil. Bəzi ölkələrə miqrasiya əsasən humanitar səbəblərlə baş veribsə, digərlərinə iqtisadi imkanlar və yüksək səviyyəli təhsil axtarışı ilə gedənlərin sayı çoxdur. Məsələn, son illər Polşa və Çexiya kimi ölkələrdə tələbə vizaları və işçi vizaları əsasında miqrasiya tendensiyası güclənib. Eyni zamanda, Almaniya və Fransada Azərbaycan diasporunun siyasi və mədəni fəallığı daha güclüdür.

Amma bu axının kölgəsində müəyyən çətinliklər də mövcuddur. Deportasiya riski, hüquqi status problemləri, sənədləşmə çətinlikləri və inteqrasiya maneələri bir çox azərbaycanlının gündəlik həyatının reallıqlarıdır.

Teleqraf-ın Avropa bürosu Avropada azərbaycanlıların ən çox yaşadığı ölkələri, onların hansı şəhərlərdə məskunlaşdığını, əsas məşğulluq sahələrini və qarşılaşdıqları hüquqi çətinlikləri araşdırıb.

Almaniya- Azərbaycan həkimlərinin ən çox olduğu ölkə

Almaniya bu gün Avropada azərbaycanlıların ən çox yaşadığı ölkələrdən biridir. Berlinin küçələrində, Frankfurtun iş mərkəzlərində, Kölnün kafe və restoranlarında Azərbaycan dilinə tez-tez rast gəlmək olar. Təxminən 300 min azərbaycanlı burada yeni həyat qurub. Soydaşlarımız yalnız ənənəvi sahələrdə deyil, həm də Almaniya səhiyyə sistemində getdikcə daha çox görünürlər. Azərbaycanlı həkimlərin və tibb bacılarının sayı xüsusilə son illər artıb. Bir çoxu Berlin və Hamburq klinikalarında yüksək maaşlı mütəxəssis kimi çalışır. Restoran biznesi, tikinti, nəqliyyat və İT sahəsi isə azərbaycanlıların ən çox məşğul olduqları sahələr sırasındadır. Orta aylıq gəlir 2000-4500 avro arasında dəyişir, həkimlər və İT mütəxəssislərində bu göstərici daha yüksəkdir.

Digər tərəfdən, Almaniyaya gələnlər arasında sığınacaq axtaranların sayı da az deyil. Hər il yüzlərlə azərbaycanlı bu status üçün müraciət edir, amma qəbul faizi aşağıdır.

Nəticədə təxminən 300-500 nəfər deportasiya riski ilə üzləşir. Bununla belə, uzunmüddətli burada qalanlar üçün vətəndaşlıq almaq artıq reallığa çevrilib.

Dil biliyi və inteqrasiya testi uğurla keçən azərbaycanlıların əhəmiyyətli bir qismi artıq alman pasportu daşıyır.

Fransa - mədəniyyət mərkəzi

Fransa uzun illərdir ki, azərbaycanlılar üçün həm siyasi fəallığın, həm də mədəni inteqrasiyanın əsas mərkəzlərindən biri sayılır. Burada təxminən 10-15 min azərbaycanlı yaşayır və bu icma əsasən Paris, Marsel, Lion və Strasburq kimi şəhərlərdə cəmləşib. Fransa azərbaycanlılarının bir hissəsi təhsil və ailə birləşməsi məqsədilə bu ölkəni seçib. Parisdə incəsənət, moda, turizm və media sahələrində çalışan azərbaycanlılar xüsusilə fəaldır. Eyni zamanda, burada ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin sayı da artmaqdadır. Fransa səhiyyəsində azərbaycanlı həkimlərin sayı Almaniyadakı qədər çox olmasa da, fərdi hallarda uğurlu karyera quran mütəxəssislər var. Orta hesabla azərbaycanlıların burada aylıq gəlirləri 1800-3500 avro aralığında dəyişir, yüksək ixtisaslı peşə sahibləri bu rəqəmdən daha çox qazanırlar.

Digər tərəfdən, Fransa dövləti sığınacaq məsələsində olduqca sərt mövqedədir, qəbul faizləri aşağıdır və sənədsiz yaşayan azərbaycanlıların deportasiya riski yüksəkdir. Amma hüquqi müdafiə mexanizmləri də genişdir və çoxları deportasiyanı məhkəmə yolu ilə dayandıra bilir. İnteqrasiya prosesinə baxmayaraq, Fransa Azərbaycan diasporu burada fəal ictimai-mədəni həyat qurub.

Niderland və Belçika - diplomatiya və texnologiya qovşağı

Azərbaycanlılar üçün Niderland və Belçika həm peşəkar imkanların, həm də beynəlxalq əlaqələrin açıldığı Avropa qapısıdır. Niderlandda təxminən 8-10 min azərbaycanlı yaşayır, əsasən Amsterdam, Rotterdam, Haaqa şəhərlərində məskunlaşıblar. Burada İT sektoru, maliyyə sahəsi və beynəlxalq ticarət azərbaycanlıların ən çox çalışdığı sahələr sırasındadır. Startap ekosistemində və texnoloji şirkətlərdə çalışan azərbaycanlı gənclərin sayı ildən-ilə artır. Eyni zamanda Niderland universitetlərində təhsil alan tələbələr də burada güclü icma formalaşdırıb. Orta əməkhaqqı burada 2500-5000 avro aralığındadır və yüksək ixtisaslı mütəxəssislər bu məbləği daha da üstələyirlər.

Belçika isə xüsusilə Brüsseldə yerləşən azərbaycanlılar üçün diplomatik və beynəlxalq əlaqələrin mərkəzi rolunu oynayır. Burada 5-8 min azərbaycanlı yaşayır, əksəriyyəti Brüssel, Antverpen və Gent şəhərlərində cəmləşib. Avropa İttifaqı qurumlarında işləyən azərbaycanlı diplomatlar, hüquqşünaslar və beynəlxalq ekspertlər, eyni zamanda siyasi sığınacaq axtaranlar bu icmanın əsas hissəsini təşkil edir. Brüsseldə yaşayan azərbaycanlıların bir qismi Avropa Parlamentində və Komissiyasında işlə təmin olunub, digərləri isə xidmət və biznes sahəsində aktivdir. Burada da orta aylıq gəlir 2000-4500 avro civarındadır, yüksək diplomatik və ya texniki vəzifələrdə isə bu rəqəm qat-qat yüksək ola bilər.

Hər iki ölkədə deportasiya riski əsasən sənədsiz yaşayanlar və sığınacaq müraciəti rədd edilənlər üçün mövcuddur, lakin hüquqi müdafiə imkanları genişdir və azərbaycanlı icması burada hüquqi dəstək şəbəkələrini də getdikcə gücləndirir.

Son illərdə Niderlanda sığınacaq üçün müraciət edən azərbaycanlıların sayı artıb. 2023-cü ilin statistikasına görə, 820 nəfər sığınacaq üçün müraciət edib, qəbul faizi isə təxminən 10-12% civarındadır. Niderland vətəndaşlığı almış azərbaycanlıların ümumi sayı təxminən 2000 nəfər təşkil edir.

Belçikada isə 2023-cü ildə 470 nəfər azərbaycanlı sığınacaq üçün müraciət edib, qəbul faizi burada da aşağı, təqribən 15% civarındadır. Son illərdə təxminən 1200-1500 nəfər azərbaycanlı Belçika vətəndaşlığı alıb.

Polşa və Çexiya - Avropada yeni nəsil Azərbaycan cəmiyyəti

Son illər Polşa və Çexiya azərbaycanlıların Avropaya yeni miqrasiya marşrutunda ön sıralara çıxıb. Əgər əvvəllər bu ölkələr tranzit nöqtəsi hesab olunurdusa, indi artıq burada kiçik Azərbaycan cəmiyyətləri formalaşır. Hətta bura bəzən “kiçik Azərbaycan” da deyilir. Çünki azərbaycanlılara burda tez-tez rast gəlinə bilir. Polşada təxminən 10 mindən çox azərbaycanlı yaşayır və onlar əsasən Varşava, Krakov, Vrotslav, Qdansk və Lodz şəhərlərində məskunlaşıblar. Tələbələr və gənc mütəxəssislər bu axının əsas hissəsini təşkil edir. Polşanın texniki və humanitar ali məktəblərində hazırda 1000-dən çox azərbaycanlı tələbə təhsil alır. Eyni zamanda burada logistika, ticarət, xidmət sahəsi (kuryerlik, iaşə), İT və inşaat sektorunda çalışan azərbaycanlıların sayı da durmadan artır. Orta aylıq gəlir 1500-3000 avro arasında dəyişir, İT sahəsində və öz biznesini quranlarda bu məbləğ daha yüksəkdir.

Çexiyada isə təqribən 5 mindən yuxarı azərbaycanlı yaşayır, əsas məskunlaşma yerləri Praqa və Brno şəhərləridir. Burada da təhsil və İT sektoru əsas cəlbedici amildir. Çexiya texnologiya və proqramlaşdırma sahəsində azərbaycanlı gənclərin yeni evinə çevrilib. Praqada fəaliyyət göstərən startaplarda və texnoloji şirkətlərdə azərbaycanlı İT mütəxəssislərinə tez-tez rast gəlmək olur. Bundan əlavə, ailə birləşməsi yolu ilə Çexiyaya köçənlərin də sayı artmaqdadır.

Hər iki ölkədə sığınacaq axtaran azərbaycanlıların sayı digər Qərbi Avropa ölkələrinə nisbətən azdır. Məsələn, Polşada 2023-cü ildə 310 nəfər, Çexiyada isə 180 nəfər sığınacaq üçün müraciət edib, qəbul faizi 5-10% civarındadır. Deportasiya riski əsasən sənədsiz və ya sığınacaq müraciəti rədd edilənlər üçün aktualdır, lakin ümumi fonda Polşa və Çexiya azərbaycanlıların leqal miqrasiya və təhsil bazası kimi daha çox tanınır.