BAKI, 6 iyun. TELEQRAF

Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir.

Teleqraf xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində hər il təmtəraqla qeyd olunur.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Qeyd edək ki, bu il Həcc ziyarətinə 1250 azərbaycanlı zəvvar gedib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilib.

İyunun 6, 7-si Qurban bayramı günləridir. 7 iyun şənbə gününə təsadüf etdiyi üçün 9 iyun da qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün bu il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləridir.