BAKI, 3 iyun. TELEQRAF
Qurban bayramı ərəfəsində jurnalistlər üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edilib.
Teleqraf xəbər verir ki, jurnalistlərə bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyə uyğun həyata keçirilməsinin vacibliyi çatdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qabil Əbdüləliyev Qurban bayramı ilə bağlı jurnalistlər üçün təşkil edilən infoturda deyib ki, bir heyvanın gözünün önündə digər heyvanı kəsmək olmaz:
"Çünki bu, heyvanda stress yaradır. Yol qırağında heyvan kəsilən yerlərdə heyvanı saatlarla bağlayırlar. Heyvanı o qədər sıx bağlayırlar ki, başını tərpədə bilmir. Bu günahdır. Stress onun hormonlarına təsir edir, bu da keyfiyyəti yox edir. Qayda-qanuna uyğun olmayan yerlərdə heyvan kəsiminin olması çox təhlükəlidir. Xüsusilə, avtomobil yollarının kənarında milyonlarla avtomobil keçib gedir. Burada ətin üzərinə düşən maddələr bişiriləndə ətdən ayrılmır, zərərsizləşdirilmir. Onu yedikdə də müxtəlif fəsadlar yaranır".
Qeyd edək ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Onlardan 77-i həm kəsim, həm satış, 30-u yalnız satış, 28-si isə yalnız kəsim xidmətləri təqdim edəcək. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Eyni zamanda bəzi regionlarda səyyar heyvan kəsimi çadırları da fəaliyyət göstərəcək.
“Azmeat” müəssisəsində keçirilən infoturda jurnalistlərə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib.
Məlumat verilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Vurğulanıb ki, işçi heyət xüsusi təmiz geyimdə olmalı, alətlər dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.