BAKI, 2 iyun. TELEQRAF
Bu gün bütün dünyada uşaqların müdafiəsi birinci yerdə dayanır.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, hər bir uşağın təhlükəsiz yaşaması, onların firəvanlığı, şəxsiyyət kimi formalaşması üçün dünya ölkələri bu istiqamətdə çalışırlar.
"Uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması üçün səylərin birləşdirilməsinə çağırış edir, onların inkişaf etməsi, onları qorumaq, müdafiə etmək işində səfərbər olurlar. Azərbaycan da belə ölkələr siyahısındadır. Baxmayaraq ki, Azərbaycan uzun müddət münaqişə, müharibə şəraitində yaşayıb. Müharibə dayanıb, amma hələ də uşaqlar partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir, hələ də rəsmi sülh yoxdur. Düşünürəm ki, rəsmi sülhün əldə olunması üçün Azərbaycan bütün səylərini ortaya qoyub, regionda və dünyada sülhün təmin edilməsinə töhfə verəcək", - sədr əlavə edib.
Bahar Muradova qeyd edib ki, uşaq hüquqlarının qorunması ilə bağlı 2026-2030-cu illər üçün Milli Fəaliyyət planının hazırlanması üzərində iş gedir:
"Həmçinin, Ailə konsepsiyası sənədinin və "Uşaq hüquqları haqqında" qanunun da yenidən işlənməsi üçün imkanlarımız var".