BAKI, 23 may. TELEQRAF
Uzun illər məhkəmələrdə hakim işləmiş Vaqif Mursaqulov və Rafiq Abbasov Vəkillər Kollegiyasına üzv seçilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, onlar and içərək rəsmən vəkillik fəaliyyətinə başlayıblar.
Qeyd edək ki, Vaqif Ənvər oğlu Mursaqulov 2008-ci ilə qədər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi olub. Həmin il o, Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunub, sonradan yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Bakı Hərbi Məhkəməsinin bir müddət əvvəl təqaüdə göndərilmiş hakimi Rafiq Abbasov da Vəkillər Kollegiyasına üzv seçilib.
Xatırladaq ki, hər iki hüquqşünas hakim işlədikləri uzun illər ərzində bir çox səs-küylü işlərə baxıblar. V.Mursaqulov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onunla birlikdə mühakimə olunan şəxslərə hökm oxuyan hakimlər heyətinin üzvü olub.

R.Abbasov isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi general-mayor Mövlam Şıxəliyevin, həmin qurumun Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovun, MTN-nin keçmiş idarə rəisi general-mayor Akif Çovdarovun, Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti işi üzrə mühakimə olunan general-mayor Nizami Məmmədovun və digər zabitlərin işləri üzrə araşdırma aparan hakimlər heyətində iştirak edib.
O, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin barəsində olan cinayət işi üzrə hökm oxuyan hakimlər heyətinin üzvü olub.
