BAKI, 21 may. TELEQRAF

“Sümük sınıqları gündəlik həyatda yıxılma, yol qəzaları, idman zədələri kimi səbəblərlə qarşımıza çıxa bilər. Bu zədələrin növünü düzgün müəyyənləşdirmək və uyğun müdaxilə etmək, sağalma müddəti və nəticə baxımından olduqca önəmlidir”.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Baş həkimi Nizami Məmmədov deyib.

Onun sözlərinə görə, sümük sınıqları eyni cür görünə bilər, amma onların orqanizmə təsiri fərqli olur:

“Əgər zədə zamanı yalnız sümük sınır və ətrafdakı dəri toxunulmaz qalırsa, bu qapalı sınıq sayılır və daha yüngül gedişli bir haldır. Bu tip zədələrdə infeksiya riski minimumdur və müalicə daha sistemli aparılır. Lakin iç toxumalarda qanama və ya sinir zədələnməsi də ola bilər. Ona görə də, bu tip zədələr də ciddi qəbul edilməlidir.

Əgər sınmış sümük dəriyə qədər çataraq onu cırırsa və bəzən xaricə çıxacaq qədər irəliləyirsə, bu açıq sınıq sayılır və artıq ciddi təhlükə siqnalıdır. Belə hallarda yalnız sınığın bərpası deyil, eyni zamanda mikrob və infeksiya ilə mübarizə də ön plana keçir”.

N.Məmmədov bildirib ki, açıq sınıqlar travmatologiyada təcili müdaxilə tələb edən hallardandır:

“Belə ki, açıq sınıq vaxtında və düzgün şəkildə müdaxilə olunmazsa, infeksiyanın sümüyə yayılması kimi ağır fəsadlarla nəticələnə bilər.

Hər iki halda ilkin yardım çox vacibdir. Zədələnmiş ətraf sabit saxlanmalı, xəstə mümkün qədər az tərpədilməli və dərhal həkimə çatdırılmalıdır.

Açıq sınıqlarda antiseptik tədbirlər, antibiotiklərlə infeksiya əleyhinə müalicə və bəzən cərrahi müdaxilə tələb oluna bilər.

Qapalı sınıqlarda isə sınığın dərəcəsinə uyğun olaraq gips və ya cərrahiyyə üsulları tətbiq edilir. Nəticə olaraq, sümük sınıqları, açıq və ya qapalı olmasından asılı olmayaraq mütləq şəkildə mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Zədənin xaricdən görünməməsi onun yüngül olması demək deyil”.

Baş həkim qeyd edib ki, məqsəd vaxtında müdaxilə ilə tam bərpa və uzunmüddətli fəsadların qarşısını almaqdır.

O, diz oynağında hərəkətlərin stabilliyini təmin edən çox vacib bir quruluşun menisk olduğunu deyib.

"Hərəkət zamanı oynaq səthlərini qoruyur və yükü bərabər paylayır. Adətən idman zamanı və ya dizin burulması ilə baş verən zədələrdə meniskin yırtılması müşahidə olunur. Əlamətlər arasında dizdə ani ağrı, hərəkət zamanı ilişmə hissi, səs gəlməsi, bəzən də dizin tam açılıb-bükülə bilməməsi olur. Həkimlər öncə fiziki testlərlə vəziyyəti qiymətləndiririk. Lakin dəqiq diaqnoz üçün MRT maqnit-rezonans tomoqrafiyası ən ideal üsuldur. Bəzən isə diaqnozla yanaşı müalicə məqsədilə artroskopik müdaxilə aparılır. Bu minimal invaziv metodla həm diaqnoz qoymaq, həm də zədələnmiş hissəni təmir etmək mümkündür”, - deyə əlavə edib.

Baş həkim qeyd edib ki, bu simptomlar olduğu təqdirdə sadəcə ağrıkəsici ilə keçib getməsini gözləmək düzgün deyil:

“Menisk zədəsi müalicə olunmadıqda dizdə daimi problemlərə səbəb ola bilər. İdmanla məşğul olanlar, ağır fiziki iş görənlər və ya dizində əvvəldən problemi olanlar bu əlamətləri xüsusilə diqqətlə izləməlidirlər”.